AzTU-da yeni təşkilat və xidmət yaradıldı

AzTU-da yeni təşkilat və xidmət yaradıldı
  26 Fevral 2021    Oxunub:1482
Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
AzTU-dan Azvision.az -a verilən məlumata görə Tədris işləri üzrə prorektor, professor Nurəli Yusifbəyli tədrisin keyfiyyətinin artırılması ilə bağlı çıxış edərək bildirib ki, tədris proqramları, silabuslar və təcrübə proqramlarının məzmunu təkmilləşdirilməlidir. Həmçinin fakültələr üzrə tələbə hərəkətliliyinin izlənməsi üçün baza cədvəl forması qəbul olunmalıdır.

İclasda Vətən müharibəsində şəhid olan və akademik borcları qalan tələbələr üçün fəxri diplomların verilməsi ilə bağlı qərar da qəbul olunub. Bildirilib ki, AzTU-nun 27 tələbəsi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Onların əksəriyyətinin akademik borcları qaldığından diplom ala bilməyiblər. Buna görə də universitetin Elmi Şurası tərəfindən şəhidlərimizə ölümündən sonra fəxri diplomların verilməsi ilə bağlı qərar verilib.

Qeyd olunub ki, son bir ildə AzTU müasir dövrün çağırışlarına uyğun layihələr həyata keçirir. Onlardan biri də “AzTU Taxi” xidmətinin təsis edilməsidir. “AzTU Taxi”nin təsis edilməsi tələbələr üçün iş imkanlarının artılımasına da xidmət edəcək. Xidmətin yaradılması ilə bağlı qərar müzakirələrdən sonar qəbul edilib.

İclasda “AzTU Könüllüləri” Təşkilatının təsis edilməsi ilə bağlı qərar da təsdiqlənib. Bildirilib ki, təşkilata üzv olan tələbələr universitetin struktur bölmələrində təcrübə keçəcək, bu da onların ilkin əmək vərdişlərinə yiyələnməsində böyük rol oynayacaq.

Azvision.az


Teqlər: AzTU  





Xəbər lenti