Azay Quliyev: “Qüvvəsini itirmiş heç bir təklif qəbul edilə bilməz” - VİDEO

  25 Fevral 2021    Oxunub : 3641
      Azay Quliyev:    “Qüvvəsini itirmiş heç bir təklif qəbul edilə bilməz” -    VİDEO
Fevralın 25-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, Ümumi Komitənin iclasında iştirak edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev post-münaqişə dövrünün əsas çağırışlarına dair bir neçə məsələnin iclas iştirakçılarının diqqətinə çatdırıb.



Azay Quliyevin çıxışının mətnini təqdim edirik:

“Qısa şəkildə bildirmək istəyirəm ki, digər məsələlərlə yanaşı, Azərbaycan münaqişədən sonrakı dövrlə bağlı üç çağırışla üzləşir.

Birinci məsələ işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir.

Təəssüf ki, üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə mina partlayışları nəticəsində 10-u mülki şəxs olmaqla 16 azərbaycanlı vəfat edib və 9-u mülki şəxs olmaqla 66 vətəndaş ağır yaralanıb.

Ermənistanın minalanmış ərazilərin xəritələrini günahsız insan həyatlarını xilas etmək və münaqişədən sonrakı yenidənqurma işlərini sürətləndirmək üçün beynəlxalq humanitar qanunla nəzərdə tutulmuş qaydada Azərbaycana təqdim etməkdən imtina etməsi xüsusi narahatlıq doğurur.

İkinci məsələ, Ermənistan tərəfindən azərbaycanlı mülki vətəndaşlara qarşı hərbi cinayətlər törədən şəxslərin hələ də cəzasız qalmasıdır.

Hesab edirəm ki, milliyyətindən asılı olmayaraq bütün müharibə cinayətlərini törədən şəxslər məsuliyyətə cəlb edilməlidir.

Azərbaycan beynəlxalq humanitar hüquqa dair öhdəliklərini tam şəkildə başa düşərək, Azərbaycan hərbçilərinin erməni əsirlərinə qarşı qeyri-insani davranışlarını əks etdirdiyi iddia olunan media materiallarını təhlil edib və müvafiq istintaq işlərinə başlayıb.

Təəssüf ki, inkaredilməz dəlil və sübutların olmasına baxmayaraq, Ermənistan tərəfi hələ də öz hərbçilərinin azərbaycanlılara qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı araşdırmalara başlamayıb.

Bununla bağlı Ermənistan tərəfindən heç bir addım atılmayıb və cinayətkarlar hələ də cəzasız qalırlar.

Toxunmaq istədiyim üçüncü məsələ ATƏT-in Minsk Qrupunun münaqişədən sonrakı reallıqlardakı rolu ilə bağlıdır.

1) Mən inanıram ki, ATƏT-in Minsk Qrupu minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən Azərbaycana təqdim edilməsində vasitəçi ola bilər.

2) Həmsədr dövlətlər Azərbaycan Respublikasının bu yaxınlarda azad edilmiş torpaqlarında həyata keçirilən münaqişə sonrası bərpa və yenidənqurma işlərinə dəstək göstərməlidirlər.

3) ATƏT-in Minsk Qrupu üçtərəfli bəyanatların bütün bəndlərinin qeyd-şərtsiz icrasını təbliğ etməli və birbaşa dəstəkləməli, eləcə də mövcud reallıqlara uyğun təkliflər irəli sürməlidir. Köhnəlmiş və qüvvəsini itirmiş heç bir təklif qəbul edilə bilməz.

ATƏT-in Minsk Qrupu həm də Ermənistanla Azərbaycan arasındakı etimadın bərpasına yardım edə bilər.”

Azvision.az

Teqlər: Azay-Quliyev