Erməni politoloqdan ifşaedici açıqlama: “Müharibə xəbərləri, xəritələr saxta idi”

  28 Noyabr 2020    Oxunub : 4227
Erməni politoloqdan ifşaedici açıqlama:  “Müharibə xəbərləri, xəritələr saxta idi”
Tanınmış erməni politoloq Qaqik Hambaryan baş nazir Nikol Paşinyanı səbatsızlıqda və xalqı 44 günlük müharibə dövründə aldatmaqda günahlandırıb.
Azvision.az xəbər verir ki, Hambaryanın sözlərinə görə, indi Ermənistanın baş naziri kürsüsündə rahat şəkildə oturan Paşinyan xalqı aldatmamalı idi:

“Baş nazir xalqa son videomüraciətində müharibə ilə bağlı cəmiyyəti aldatmadıqlarını, məlumatları doğru şəkildə yaydıqlarını bildirdi. Nikol müharibədəki əməliyyatlar barədə xalqa məlumat verdiklərini deməklə yalan danışır... Bu hökumət nə vaxt Hadrut, Cəbrayıl, Füzuli, Madagiz və digər bir çox yaşayış məntəqəsini itirdiyimizi bəyan etdi? Yalnız bir dəfə Artsrun azərbaycanlıların Qubadlını geri aldığını bildirdi. Vəssalam... Verilən digər məlumatların 90 faizi yalan, təqdim olunan xəritələr isə saxta idi.

Xalqa “doğru məlumat”ın verilməsindən danışan Nikol 9 noyabr axşamı insanları necə utanmadan "Şuşa uğrunda döyüşlər davam edir" deyərək aldatdığını unutdu”.

Erməni politoloqun fikrincə, Paşinyan və komandası cəmiyyəti o dərəcədə zombiləşdirmişdi ki, Azərbaycan mediası, “Telegram” kanalları azad edilən ərazilərin videolarını və fotolarını yerləşdirəndə, insanlar bunların saxta olduqlarını deyərək faktlara sadəcə inanmaq istəmirdilər: “Cəmiyyət Artsrun, Şuşan və Nikolun ucuz “Artsax” (Qarabağ-red.) klounu Arayikə inanırdı”.

O daha sonra qeyd edib ki, silahlı qüvvələrin baş qərargah rəisi general Onik Qasparyan hələ müharibənin dördüncü günü ermənilərin düşdükləri vəziyyət barədə Nikola məlumat verəndə baş nazir xalqa yalan danışmışdı. Politoloq sadə xalq içindən heç kimin Rusiya Prezidentinin atəşkəs təklif etməsini də bilmədiyini söyləyib. Müharibə ərzində gələn həmin ilkin təkliflər Nikol tərəfindən rədd edilirmiş.

Siyasi şərhçi təəssüflə deyir ki, müharibənin dayandırılması təklifləri Nikol tərəfindən rədd edildiyi halda 9 noyabrda imzalanan təslim aktı gecikmiş qərar idi. Çünki əvvəlki günlərdə masada daha yaxşı şərtlərə malik olan təkliflər var imiş:

“Əminəm ki, Nikol cəmiyyətə qarşı dürüst olsaydı, durumu doğru şəkildə təqdim etsəydi, indi belə dəhşətli itki və alçaldıcı vəziyyətdə olmazdıq... İroniyalı vəziyyət isə budur ki, Nikolun səbəb olduğu 44 günlük müharibə nəticəsində alınan itkilərə görə və qırğını dayandırdığı üçün Paşinyana təşəkkür etməliyik. Bu qırğını əvvəllər də dayandıra bilərdi, amma etmədi! “Qarabağ” rəhbərliyi utanmadan Anna Akopyanın müdafiə ordusunun komandanlığında olduğunu inkar etdi. İndi isə bu rüsvayedici fakt ortaya çıxanda Nikolun həyat yoldaşını ora özü göndərdiyini söyləməkdən başqa çarəsi qalmadı. Özü də bunkerə və müdafiə ordusuna mənəvi dəstək vermək üçün... Məsələ burasındadır ki, general Akopyan sirri açmazdan əvvəl Nikol bunu qəti şəkildə inkar edirdi. İndi general Akopyana qarşı cinayət işinin açıldığını elan edən Nikol gülür. Amma bir vaxtlar cinayət törətdiyi iddia edilən şəxsə niyə belə yüksək vəzifəni əmanət etdiyini izah etmir”.

Politoloq erməni xalqına qondarma rejimin rəhbəri Arayikin də Nikolun tayı olduğunu çatdırıb: “Müharibədə məğlub olduqdan sonra, Nikolun “Qarabağ” klounu Arayik Arutyunyan canlı yayımda uduzmağımızı əsgər və döyüşçü çatışmazlığı ilə əlaqələndirdi. General Akopyan isə müharibənin üçüncü günündən orduya əsgər çağırılmasının Nikolun əmri ilə dayandırıldığını açıqladı. Sual yaranır, niyə? Və Nikol canlı yayımları zamanı elan etdi ki, sənədi imzalamasaydı 15-35 min arası əsgər azərbaycanlıların mühasirəsində qalacaqdı. Bəli, təəccüblənməyin. Nikol canlı yayımları ilə fərqli fikirləri açıqlayır - 15-35 min əsgər... Ən əsası, o bu açıqlanan rəqəmlərlə Qarabağdakı “hərbçi çatışmazlığı”nı iddia edən öz kloununu inkar edir.

Bütün bunlardan sonra Nikol cəmiyyətlə səmimi davrandığını deməyi necə özünə rəva bilir Yalan danışmaq, saxtalaşdırmaq, dezinformasiya yaymaq, başqalarını günahlandırmaq və ya günahkar olmamaq - bu 2 il yarımlıq müddətdə Nikol hökumətinin əsas sütunları oldu!”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Paşinyan   Arayik   Qarabağ