Bu gün Səməd Vurğunun ad günüdür
Şairin ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1924-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində dərc olunub.
1930-1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrü sayılır. "Könül dəftəri" və "Şeirlər" adlı kitabları nəşr olunub.
Təkcə 1935-ci ildə 7 poema və 100-ə yaxın şeir yazıb.1934-cü ildə yazdığı "Azərbaycan" şeiri Azərbaycan ədəbiyyatının incilərindən hesab olunur.
1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı, Puşkinin "Yevgeni Onegin" mənzum romanını , Şota Rustavelinin "Pələng dərisi geymiş pəhvəlan" əsərinin bir hissəsini, Taras Şevçenkonun, İlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini ana dilinə tərcümə edib.
1937-ci ildə "Vaqif" dramını yazıb, 1939-cu ildən başlayaraq Nizaminin "Leyli və Məcnun" poemasını Azərbaycan dilinə çevirib və mənzum dram əsəri olan "Xanlar"ı qələmə alıb. Sonrakı illərdə "Fərhad və Şirin", "İnsan" əsərlərini , "Zəncinin arzuları", "Muğan", "Aygün" və "Zamanın bayraqdarı" poemalarını qələmə alıb.
1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu olub. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib, sovet xalqlarının sevimli şairi kimi tanınıb. 1956-cı ilin martında "Azərbaycanın xalq şairi" adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.
Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib, ayın 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilib.
AzVision.az