Rəhim Qazıyev sərbəst buraxıldı
Rəhim Qazıyevlə 1-2 saat söhbətdən sonra saxlanılma səbəbinin polisə tabe olmaması ilə əsaslandırıblar:
«Mənə dedilər ki, polisə tabe olmamışam. Harada idi o polis? Nə vaxt mənim evimə gəldilər, nə vaxt məni polisə dəvət etdilər mən getmədim. Saxlayanda da heç olmasa demədilər ki, siz bizimlə getməlisiniz. Məni bu üsulla aparmaqla nə demək istəyirlər, nədən gözümü qorxutmaq istəyirlər? 70 yaşım var. Gözümün odunu ala bilsəydilər, vaxtında alardılar».
Saxlanılmasını bir neçə gün öncə prezidentə ünvanladığı açıq məktubla əlaqələndirən Rəhim Qazıyev «Mən prezidentə təhqir yazmamışam, açıq məktub yazmışam. Bir vətəndaş kimi arzularımı bildirmişəm. Bu gün yol gedərkən başıma torba salıb aparırlarsa, sabah başqa şeylər də ola bilər. Özümün və ailəmin təhlükəsizliyinin təmin edilməsi üçün prezidentə, Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirinə məktub yollayacam» deyə bildirib..
DİN-in mətbuat xidməti məsələdən məlumatsız olduğunu bildirib.