Rusiyadan Azərbaycana silah keçirmək istədilər
Verilən məlumata görə, Azərbaycan vətəndaşları Adəm Niftiyev, Əşrəf Muxtarov, Nazim Hüseynov və Rusiya vətəndaşları Bayram Hüseynov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən, tamah məqsədilə Rusiya ərazisindən külli miqdarda əşyaları, eləcə də qanunsuz olaraq qaz silahlarını qaçaq yolla gömrük sərhədindən gizli olaraq keçirərək Azərbaycana gətiriblər.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində Nazim Hüseynovun idarə etdiyi "Mersedes-Benz" markalı sərnişin avtobusu və Bayram Hüseynovun idarə etdiyi "Qaz 2705" markalı yük avtomobili saxlanılıb.
Baxış zamanı avtobusun salonundan külli miqdarda pnevmatik tapança, siqnal və falş patron, fişəng atan qurğular, pistonlar, hava balonları, "Gietcher SVVB4" modelli pnevmatik revolver, elektroşoker, eləcə də "ŞOK" modelli qaz silahları olan aerozol qurğular götürülüb.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Teqlər: