“Azərbaycanla əlaqələrin möhkəmlənməsinə sadiqəm” - Səfir

  03 Avqust 2020    Oxunub : 3518
“Azərbaycanla əlaqələrin möhkəmlənməsinə sadiqəm” -  Səfir
Kolumbiyanın Azərbaycandakı ilk səfiri olaraq, ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə qətiyyətlə sadiqəm.
Azvision.az xəbər verir ki, bu barədə Kolumbiyanın Bakıdakı səfiri Luis Antonio Dimate Kardenasın ölkəsinin Milli Günü münasibətilə müraciətində deyilir.

O qeyd edib ki, 1810-cu ilin 20 iyul tarixində başlayan və 9 il sonra Boyaka döyüşü ilə ölkənin azadlığının əbədi olaraq möhürləndiyi mötəbər tarixdən iki əsr keçir.

“Bizə bu azadlığı qazandıran və özlərini qurban verərək böyük, suveren bir dövlətin əsaslarını yaradan qəhrəmanlarımızı yad edirik. Həmin o qəhrəmanlıq şücaətlərindən düz iki əsr keçir. O iki əsrlik əmək və səylər bizləri bu gün gələcəyə daha nikbin baxmağa şərait yaradır.

Bu gün Kolumbiya güclü və sabit iqtisadiyyatı olan, sülhə, demokratiyaya, insan hüquqlarına və dayanıqlı inkişafa sadiq, öz xalqının rifahı və tərəqqisi üçün Prezident İvan Duke tərəfindən irəli sürülən qanunçuluq, təşəbbüskarlıq və bərabərlik prinsiplərini rəhbər tutaraq bütün öhdəlikləri layiqincə həyata keçirən bir dövlətdr.

Kolumbiya beynəlxalq arenada get-gedə daha da fəal rol oynayan, əməkdaşlığa öz tohfəsini verən və təşviq edən, digər ölkələr ilə dostluq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməyə çalışan bir dövlətdir. Dost ölkə olan Azərbaycanla mükəmməl siyasi dialoqdan əlavə, ticarət, mədəni, təhsil və digər sahələrdə getdikcə dərinləşən münasibətlərimizdə son illərdə qazandığımız uğurlu nailliyətlərimiz buna bariz nümunədir”,- səfir müraciətində vurğulayıb.

Diplomat əlavə edib ki, Kolumbiyanın Azərbaycandakı ilk səfiri olaraq, bu qardaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə qətiyyətlə sadiqdir.

“Səfirlikdəki həmkarlarım və eyni zamanda, bu gün bizə ev sahibliyi edən bu gözəl ölkənin inkişafına öz fəaliyyəti və zəhməti ilə xidmət edən burada yaşayan həmvətənlərim məni bu uğurlu yolda müşayiət edirlər.

Builki milli yubileyimizi fiziki olaraq həyata keçirə bilməsək də, əminəm ki, çətinliklərdə daha çox qüvvə ilə ortaya çıxan həmrəylik ruhu ilə qardaş xalqlar olaraq daha güclü və möhkəm şəkildə bu vəziyyətdən çıxmağa nail olacağıq.

Kolumbiyanın Prezidenti İvan Duke və Xarici İşlər naziri Klaudia Blumun Azərbaycan xalqının tərəqqisi, rifahı, həmçinin, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair ən xoş arzularını Azərbaycan hökumətinə çatdırıram”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan