Jurnalistika üzrə magistraturaya qabiliyyət imtahanı keçirildi

Jurnalistika üzrə magistraturaya qabiliyyət imtahanı keçirildi
  14 İyun 2020    Oxunub:5330
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanı keçirilib.
DİM-dən Azvision.az-a bildirilib ki, qabiliyyət imtahanında bakalavrlar koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ölkə ərazisində elan edilən xüsusi karantin rejimi nəzərə alınaraq, imtahan və müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə onlayn müsahibələrin təşkil edilməsi üçün nəzərdə tutulan xüsusi proqram təminatı vasitəsilə iştirak ediblər.

Qabiliyyət İmtahanı Komissiyasının (QİK) üzvləri – Azərbaycanın Əməkdar jurnalisti Tahir Rüstəmov (“Xalq qəzeti”) və filologiya üzrə elmlər doktoru Vüqar Əliyev (Bakı Dövlət Universiteti) imtahan iştirakçılarının yaradıcılıq qabiliyyətlərini və jurnalistika üzrə nəzəri və praktiki biliklərini qiymətləndiriblər. QİK-in sədri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov imtahanda onlayn qaydada iştirak edib.

QİK üzvləri, ilk növbədə, bakalavrların dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını nəzərdən keçirib, onları təhlil edib və qiymətləndiriblər.

Daha sonra, imtahan verən hər bir bakalavrın ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində onlara müvafiq suallar verilib. Müsahibənin gedişində komissiya üzvləri hər bir bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran suallar veriblər. Sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavrlar intellektual səviyyələrini, dünyagörüşlərini, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilmələrini nümayiş etdiriblər. Bakalavrların qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçərkən doldurduqları anket sorğusuna cavabları, o cümlədən “Koronavirus (COVID-19) pandemiyası dövründə əhalinin bu sahədə maarifləndirilməsində Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına 200-250 sözdən ibarət yazılı cavablar da komissiya üzvləri tərəfindən qiymətləndirilib. Qabiliyyət imtahanında hər bir bakalavra bir saat vaxt ayrılıb.

Qabiliyyət imtahanında iştirak edən 6 nəfər bakalavrın hamısı “məqbul” qiymət alıb və jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanıb. Həmin bakalavrlar iyunun 18-dək keçirilən proqram və ixtisaslaşma seçimi müddətində müvafiq proqramı və ixtisaslaşmaları seçib elektron ixtisaslaşma seçimi ərizəsinə daxil etməli və seçimlərini təsdiqləməlidirlər.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti