Nazir “Virtual əlaçı”larla videogörüş keçirib

Nazir “Virtual əlaçı”larla videogörüş keçirib
  12 İyun 2020    Oxunub:2756
Təhsil naziri Ceyhun Bayramov iyunun 12-də “Virtual əlaçı” müsabiqəsinin qalibləri ilə videogörüş keçirib.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Nazir bildirib ki, ölkənin ən iri onlayn platforması və 1 milyondan artıq istifadəçisi olan "Virtual məktəb" portalında keçirilən “Virtual əlaçı” bilik yarışmasının əsas məqsədi şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaq olub: “Hər həftə keçirilən yarışmada şagirdlər portalda “Testlər” bölməsində verilən tapşırıqları həll edir, hər sinif üçün təqdim edilmiş bu tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib elan olunur. Bu günədək müsabiqədə yüz minlərlə şagird iştirak edib və onlar arasında 149 nəfər şagird həftələr üzrə qalib elan edilib. Bakı məktəblərindən 87 nəfər, rayon məktəblərindən isə 62 nəfər qalib olub".

C.Bayramov bildirib ki, “Virtual məktəb” portalında yay aylarında məktəbdənkənar fəaliyyət, abituriyentlər üçün video məzmun, müəllimlər üçün ixtisasartırma və şagirdlər üçün karyera seçimi üzrə onlayn tədbirlər keçiriləcək.

Təhsil naziri bütün məktəbliləri “Məzun günü” münasibətilə təbrik edib, onlara uğurlar arzu edib.

Sonra şagirdlər nazirlə “Virtual əlaçı” müsabiqəsində iştirakla bağlı təəssüratlarını bölüşüb, ona suallar veriblər.

Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti