Qızdırması olan 20-yə yaxın şagird imtahana buraxılmadı

Qızdırması olan 20-yə yaxın şagird imtahana buraxılmadı
  10 İyun 2020    Oxunub:4294
Dövlət İmtahan Mərkəzi bu gün rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi – müəllim, 117 bina nümayəndəsi ayrılıb.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. Bütün imtahan binaları dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən 2 imtahan nəzarətçisi və 20-yə yaxın şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Çox təəssüf ki, 1 nəfər imtahan binasına mobil telefonla daxil olmağa nail olub və sual kitabçasının şəklini çəkərək imtahandan sonra sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub və imtahan nəticələri ləğv olunub. Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini və ya imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər (abituriyentlər) də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə (abituriyentlərə) bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı) gətirməyi unutmasınlar.

İmtahan iştirakçıları bir məsələni də nəzərə almalıdırlar ki, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyunun 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti