“Alim” elmi təşkilatının ilk qurultayı keçirilib

“Alim” elmi təşkilatının ilk qurultayı keçirilib
  10 İyun 2020    Oxunub:4520
Fransada yaşayan azərbaycanlı elm adamları, Fransa və Azərbaycandan olan bir qrup professor və tələbələr cari ilin aprel ayında Fransada yaradılan “Alim” elmi təşkilatının ilk rəsmi Ümumi Qurultayını keçiriblər.
Azvision.az xəbər verir ki, “Alim” elmi təşkilatının qurulması yolunda ilk təşəbbüs ötən ilin 14 dekabr tarixində, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin dəstəyi ilə Paris şəhərində Səfirliyin Mədəniyyət Mərkəzində baş tutan görüşdə irəli sürülüb.

“Alim” elmi təşkilatının ən ümdə məqsədlərindən biri hər iki ölkədən olan elm adamlarını bir müstəvidə toplamaq, birgə layihələr keçirmək və Azərbaycandakı istedadlı gənclərin xaricdə ali təhsil almasına dəstək olmaqdır. Lakin bu cəmiyyətin fəaliyyəti bununla bitmir. Belə ki, “Alim”-in qurucularının təşəbbüsü ilə koronavirus pandemiyası səbəbindən Fransada təqaüdsüz təhsil alan və maliyyə çətinlikləri ilə üzləşən azərbaycanlı tələbələrə kömək məqsədiylə maddi yardım kampaniyasına başladılmış və nəticədə hər iki ölkədən müxtəlif şəxslərin və dövlət qurumlarının dəstəyilə toplanan vəsaitlə 22 tələbəyə 9600 avrodan çox yardım edilib.

Hazırda dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqədar olaraq Ümumi Qrultay online olaraq zoom proqramı vasitəsilə həyata keçirilib. 6 iyun tarixində keçilmiş ilk qurultayı “Alim” elmi təşkilatının prezidenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Günel Səfərova açaraq görüş iştirakçılarını salamladıqdan sonra “Alim”-in yarandığı gündən etibarən qısa müddətdə reallaşdırdığı maddi yardım kampaniyası, eləcə də digər fəaliyyətləri haqqında məlumat verib.

Qurultayda eyni zamanda təşkilatın İdarə Heyəti tamamlanıb. Təşkilatın üzvlərinin səsverməsi nəticəsində Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasının tədris hissə müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Müşfiq Orucov və Fransanın Bezanson şəhərində yerləşən Franş-Komte Universitetinin nanotibb üzrə assistant professoru Reda Yahyavi vitse prezidentlər, Franş-Komte Universitetinin tibb elmləri üzrə fəlsəfə doktoru Reyhan Həsənova baş katib, Paris Sud universitetinin magistratura məzunu Şəbnəm Süleymanova isə xəzinədar vəzifələrinə seçiliblər.

Görüşün davamında “Alim”-in rəsmi saytının qurulması, onun gələcək fəaliyyəti, hər iki ölkə arasında aparılacaq layihələr və digər mövzular müzakirə edilib.

Azvision.az


Teqlər: Alim  





Xəbər lenti