Ramiz Mehdiyev AMEA-dakı tədbirlər haqqında açıqlama verdi

   Ramiz Mehdiyev AMEA-dakı  tədbirlər haqqında açıqlama verdi
  12 May 2020    Oxunub:5976
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu gün postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə əlaqədar olaraq rəhbərlik etdiyi qurumda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında açıqlama verib.
Azvision.az Akademiyanın rəsmi səhifəsinə istinadən xəbər verir ki, Ramiz Mehdiyev AMEA-nın müvafiq elmi müəssisələrinin fəaliyyətinin Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasətə uyğun olaraq yenidən qurulmalı olduğunu bildirib.

Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılıb ki, koronavirusla əlaqədar tədqiqatlara, xüsusən insanların immun sisteminin möhkəmləndirilməsi üçün bu ixtisas üzrə alim və mütəxəssislərin tədqiqatlar aparmasına əlavə imkanlar yaradılmalı, Fəlsəfə və İqtisadiyyat institutlarında pandemiya dövrünün yaratdığı sosial-psixoloji və iqtisadi problemlər dərindən öyrənilməli, postpandemiya dövrü ilə əlaqədar elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlanıb AMEA-nın Rəyasət Heyətinə təqdim olunmalıdır.

Coğrafiya, Fiziologiya, Botanika, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya, Mikrobiologiya və Dendrologiya institutlarına tapşırılıb ki, bir ay müddətində dünyada iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi, təsir dairəsi və qabaqlayıcı tədbirlərin proqnozlaşdırılması ilə bağlı elmi fəaliyyət planı hazırlanaraq Rəyasət Heyətinə təqdim olunmalıdır.

Qeyd edək ki, postpandemiya dövründə Azərbaycan elminin vəzifələri ilə əlaqədar Tədbirlər Planı AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Azvision.az



Teqlər: AMEA   Ramiz-Mehdiyev  





Xəbər lenti