Goranboyda raketin partlamış motor hissəsi tapılıb

Goranboyda raketin partlamış motor hissəsi tapılıb
  23 Aprel 2020    Oxunub:3314
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Goranboy rayonu, Tapqaraqoyunlu kəndi ərazisində, fermanın yaxınlığında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Agentlikdən Azvision.az -a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxananın Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik 9M22U raketinin partlamış motor hissəsi aşkar olunub. Motor hissə ərazidən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin hissəsinin ətrafında 500 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti