Prezident Mikayıl Cabbarovu qəbul etdi - VİDEO (YENİLƏNİB)

  31 Mart 2020    Oxunub : 8316
 Prezident Mikayıl Cabbarovu qəbul etdi - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Azvision.az xəbər verir ki, ölkəmizdə koronavirusa qarşı mübarizə sahəsində görülən tədbirlərdən danışan Prezident İlham Əliyev dedi:

-Koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün bu gündən etibarən yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə mindi. Əminəm ki, bütün vətəndaşlar bu qaydalara əməl edəcəklər. Yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Dövlət tərəfindən qəbul edilmiş bütün qərarlara və atılmış addımlara baxmayaraq, əfsuslar olsun ki, dinamika artır və bunun əsas səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Çünki Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib və bu gün də digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət daha əlverişlidir. Ancaq buna baxmayaraq, artıq daxili yoluxma halları vüsət alır və beləliklə, yoluxan insanların sayı artmaqdadır. Dünən 60-dan çox insan bu xəstəliyə yoluxub və əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaqdır.



Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti bütün lazımi tədbirləri görübdür. Biz bəri başdan bütün quru sərhədlərimizi bağladıq, karantin rejimini tətbiq etdik, bütün məktəblər, uşaq bağçaları, ali məktəblər, ictimai iaşə obyektləri bağlandı, aviareyslərimizin sayı kəskin azaldı və hazırda cəmi iki beynəlxalq aviareys təşkil edilir, özü də həftədə bir dəfə. Beləliklə, bu xəstəliyin yayılmasına qarşı çox önəmli tədbirlər görüldü və xaricdən gələn vətəndaşların bu xəstəliyin yayılmasında rolu kəskin azaldı. Onu da bildirməliyəm ki, xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilir və hazırda 4500-ə qədər insan karantindədir. Karantin üçün də ən əlverişli şərtlər təqdim olundu, vətəndaşlar 4-5 ulduzlu otellərdə, Atletlər kəndində, Lənkəran, Lerik, Nabran, Bakı şəhərinin otellərində, istirahət zonalarında yerləşdirilir. Xəstələrə də şərait yaradılır, ölkəmizin müxtəlif yerlərində 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamındadır və bu günlərdə ölkəmizin ən müasir xəstəxanası - “Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verilibdir. Yəni, bu, dövlət tərəfindən görülmüş önəmli addımlardır. Amma buna baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından bu xəstəlik Azərbaycanda daha geniş vüsət alır. Ona görə bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik.

Biz indi yaxşı görürük ki, dünyanın müxtəlif yerlərində nələr baş verir. Dünyanın və Avropanın aparıcı ölkələrində demək olar ki, vəziyyət nəzarətdən çıxır, hər gün minə yaxın insan ən inkişaf etmiş ölkələrdə vəfat edir və tibb personalı artıq lazımi xidmət göstərməkdə çətinlik çəkir. Xəstəxanalar doludur, xəstələri dəhlizlərdə yerləşdirirlər. Bir çox insanlar ona görə vəfat edirlər ki, onlara vaxtında operativ tibbi xidmət göstərilmir, o da buna görədir ki, xəstələrin sayı kəskin artır və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin sayına uyğun xidmət göstərə bilməz. Çünki bütün ölkələrin səhiyyə sistemləri normal şəraitə uyğunlaşdırılıb, o cümlədən Azərbaycanda. Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır. Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram. Lazım olmayan vaxtlarda küçələrə çıxmasınlar. Dünən dərc edilmiş və elan olunmuş qaydalara tam əməl etsinlər. Özlərini, öz yaxınlarını, həkimləri qorusunlar. Çünki həkimlər öz həyatlarını risk altına atırlar. Polis işçilərini qorusunlar, necə ki, polis işçiləri onları qoruyur və öz həyatlarını risk altına atır. Ona görə mən vətəndaşlardan bir daha məsuliyyət tələb edirəm və ümid edirəm ki, Azərbaycan vətəndaşları bu məsuliyyət hisslərini nümayiş etdirəcəklər.



Təbii ki, bu pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi, bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır.

Bizim builki iqtisadi dinamikamız çox müsbət idi. Yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz artmışdır, qeyri-neft sektorunda 6,7 faiz, qeyri-neft sənaye sahəsində 21,7 faiz artmışdır. İnflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olmuşdur, yəni, gəlirlər inflyasiyanı üstələmişdir. Eyni zamanda, vergi və gömrük orqanları 2 ayda dövlət büdcəsinə böyük məbləğdə vəsait daxil etmişdir. Vergi orqanları büdcəyə 170 milyon manat, gömrük orqanları isə 80 milyon manat vəsait daxil etmişdir. Əlbəttə, bizim ümidlərimiz ondan ibarət idi ki, il boyunca bu dinamika özünü saxlayacaq, beləliklə, büdcəmizə əlavə gəlirlər gələcək və bunun hesabına əlavə sosial proqramların icrası mümkün olacaq.

İndi mart ayının yekunları haqqında danışmaq bir qədər tezdir. Adətən Dövlət Statistika Komitəsi birinci rübün başa çatmasından təqribən bir həftə sonra rəqəmləri təqdim edir. Ona görə biz bu rəqəmləri, əlbəttə ki, təhlil edəcəyik. Ancaq təxmin etmək çətin deyil ki, bu pandemiya iqtisadi inkişafımıza, əlbəttə, böyük əngəl törədir və törədəcək.

Bu pandemiyanın iqtisadi və sosial fəsadlarını minimuma endirmək üçün mənim qərarımla Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrıldı. Mənim qərarımla dörd işçi qrupu yaradıldı. Bu işçi qrupların əsas fəaliyyət dairəsi məşğulluq məsələlərini təhlil edib təklif verməkdir, iqtisadi sabitliyi, iqtisadi inkişafı təmin etməkdir, makroiqtisadi sabitliyi qorumaqdır və bizim maliyyə vəziyyətimizi təhlil edib ilin sonuna qədər bu sahədə də lazımi əlavə tədbirlərin görülməsindən ibarətdir. Əlbəttə ki, biz, ilk növbədə, koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini diqqət mərkəzinə aldıq. Biz, ilk növbədə, bu sahibkarlıq subyektlərində işləyən insanların maliyyə vəziyyətini nəzərə almalıyıq. Çünki indi İqtisadiyyat Nazirliyi tərəfindən mənə təqdim edilən arayışda göstərilir ki, bu vəziyyətdən hansı sahələr daha çox əziyyət çəkib və bu sahələrdə 300 mindən çox insan çalışır. Əlbəttə ki, onların maddi vəziyyəti bizi narahat edir. Biz onlara dəstək göstərməliyik. Xüsusilə nəzərə alsaq ki, mən bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış etdim ki, onlar işçiləri ixtisar etməsinlər. Bu xahiş və yaxud tələb qüvvədədir. Onu da bildirməliyəm və hesab edirəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirirlər. Mənim Fərmanımla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 100 milyon manatdan çox vəsait daxil edilib və bunun cəmi 20 milyonu Prezidentin Ehtiyat Fondundan köçürülüb. Bu, onu göstərir ki, vəsaitin böyük hissəsi sahibkarlar tərəfindən verilmiş ianələrdir və sahibkarlar bu məsələ ilə bağlı həmrəylik göstərirlər. Əminəm ki, işçilərin ixtisar edilməməsi çağırışım da əlbəttə, nəzərə alınacaq və alınmalıdır. Ancaq, eyni zamanda, aydın məsələdir, bir çox sahələr və 40 mindən çox sahibkarlıq subyekti, indi demək olar ki, fəaliyyət göstərmir, yaxud da, məhdud çərçivədə fəaliyyət göstərir. Dövlət onlara kömək göstərməlidir. Ona görə göstəriş verilmişdir ki, həm bu sahibkarlıq subyektlərində muzdla işləyən insanların sosial təminatı, eyni zamanda, fərdi sahibkarların fəaliyyəti nəzərə alınsın. Onların da sayı təqribən 300 minə yaxındır. Bu göstərişlər İqtisadiyyat Nazirliyinə verilibdir. Artıq siz məruzəyə hazırsınız. Xahiş edərdim ki, bu məsələ ilə və digər məsələlərlə bağlı siz öz təkliflərinizi verəsiniz ki, vaxt itirmədən, yəni, bu həftədən başlayaraq artıq bu ödəmələr təşkil edilsin.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dedi:

-Təşəkkür edirəm, möhtərəm cənab Prezident. İlk növbədə, icazə verin, mən də bir vətəndaş kimi Sizə dərin təşəkkürümü bildirim ki, bu mühüm çoxamilli çağırışa Sizin liderliyinizlə belə cavab verilir. Xalqımızın və vətəndaşlarımızın sağlamlığını əsas tutaraq qabaqlayıcı, əhalini qoruyan tədbirlər həyata keçirilir. Siz bu gün xalqımızın sağlamlığını üstün tutaraq bu qərarları verirsiniz. Son günlər, həftələr ərzində Siz, ölkənin Birinci vitse-prezidenti bizə istiqamət verdiniz, bu qeyri-adi vəziyyətdə hər bir qərarın gündəlik və vaxtında verilməsinə imkan yaratdınız.

Sizin tapşırığınıza uyğun olaraq biz işçi qruplarda fəaliyyəti həyata keçirərək dörd işçi qrupunun rəhbərləri ilə müntəzəm məsləhətləşmələr apararkən hökumətin, Baş Nazirin ümumi koordinasiyası ilə, həmçinin nazirliklər, komitələr, özəl sektor, Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, kiçik və orta biznesin nümayəndələri və İnkişaf Agentliyi, o cümlədən Sahibkarlar Konfederasiyasının nümayəndələrini cəlb edərək tutarlı bir proqram hazırlamağa cəhd etdik və bu gün onu Sizin diqqətinizə məruzə edirəm. Çərçivə müəyyənləşərkən Siz işçi qaydada, həmçinin ictimaiyyətin məlumatlandırılmasını qarşımızda bir hədəf kimi qoydunuz və proqramların yekunlaşması prosesi məhz həmin məsləhətləşmələr çərçivəsində nəzərdə tutulur.

Bu günədək istiqamətlər olaraq Siz qeyd etdiyiniz kimi, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramı diqqətinizə təqdim edilir. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı. Hər iki proqramın başlıca şərti və çərçivəsi iş yerlərinin azaldılmamasına yönəldilib. Bu proqramlar fərqli auditoriyalara - işçilərə və sahibkarlara ünvanlansa da, yanaşma olaraq birbaşa maliyyə dəstəyi təmin edir. Bu dövrdə qısamüddətli likvidliyi olmayan sahibkarlara, müəssisələrə öz fəaliyyətini davam etdirməyə, onların bir çox hallarda demək olar ki, əsas xərci olan işçilərin, muzdlu işçilərin əməkhaqqı xərcinin əhəmiyyətli hissəsinin ödənilməsi təklif olunur.

Üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramıdır. Bu, əhatəli proqramdır. Burada əhatə dairəsi, ilk növbədə, mənfi təsir altında olan sektorlara ünvanlansa da, onların bəziləri daha da genişdir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı da tapşırığınızla hazırlanıb. Bu proqramın həcmi 500 milyon manat təşkil edir. Burada Siz bizim qarşımızda hədəf qoymusunuz ki, Azərbaycan iqtisadiyyatının inkişaf trayektoriyasının qorunub saxlanılması məqsədilə yeni layihələrin maliyyələşdirilməsi dayanmasın və bu karantin dövründən sonrakı fəaliyyətdə canlanma baş versin.

Digər tərəfdən, başqa bir proqramı - beşinci proqramı da diqqətinizə məruzə edirəm. Bu, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu, daha da böyük həcmdə olan - 1 milyard manatlıq bir proqramdır. Burada həm qismən dövlət büdcəsinin, həm də ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Burada başlıca hədəf həm biznes subyektlərimizə dəstək verməkdir, eyni zamanda, bizim üçün zəruri, çox vacib və əhəmiyyətli olan maliyyə-bank sektorunun kredit portfelinin sağlamlığının qorunub təmin edilməsidir.

Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket Sizə ayrıca təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir. Demək olar ki, bugünkü işlər bu mərhələdədir.

Həmçinin ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı səkkizinci istiqamət kimi müəyyənləşdirilib. Bu proqramın həm tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə böyük töhfə verəcəyini güman edirik.

Doqquzuncu proqramın istiqaməti əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramıdır. Sizin tapşırığınızla biz bunu təhlil etmişik ki, insanlar evdə daha çox vaxt keçirdiyinə görə elektrik enerjisi sərfiyyatı artır. Burada biz limitlərin genişləndirilməsini diqqətinizə təqdim edəcəyik.

Nəhayət, bizim bir sıra həyati vacib sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərimiz, dövlət və özəl şirkətlərimiz obyektiv səbəblərə görə, - Siz də artıq bunu qeyd etdiniz, - fəaliyyətini demək olar ki, dayandırıb, yaxud dondurub. Bu müəssisələrlə də bağlı məqsədli proqram hazırlanıb.

Prezident İlham Əliyev: Çox yaxşı. Hesab edirəm ki, bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaqdır. Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Əlbəttə ki, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığını nəzərə alır. Bütün qalan məsələlər ikinci dərəcəli məsələlərdir, o cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik. Çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə, Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. İnsanların sağlamlığına aid olan bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır və əsas məqsəd, bir daha demək istəyirəm ki, pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır. Biz, ilk növbədə, buna nail olmalıyıq. Bir daha demək istəyirəm ki, burada əsas amil vətəndaşların məsuliyyətidir.

Eyni zamanda, təqdim etdiyiniz təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır, onlara əməkhaqlarının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dövlət tərəfindən ödəniləcək. Eyni zamanda, sahibkarlar da, əlbəttə, bir daha demək istəyirəm ki, işçilərin ixtisarına yol verməməlidirlər. Eyni zamanda, sosial təminat sahəsində əlavə tədbirlərin görülməsi də hesab edirəm ki, zəruridir, o cümlədən qeyd etdiyiniz sosial sahəyə aid olan məsələlər. Azərbaycan dövləti bir daha öz sosial siyasətini burada göstərməlidir və göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz bunu dəfələrlə sübut etmişik.

Bank sektorunun sağlamlaşdırılması istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı bir neçə müşavirə də keçirilmişdir. Hesab edirəm ki, hətta pandemiya ilə əlaqəsi olmayan sahələrdə də islahatlar dərinləşməlidir və bunu biz təmin edəcəyik. Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirməsi istiqamətində əlavə tədbirlər görüləcək. Kredit zəmanət təklifi də hesab edirəm ki, çox vaxtında verilmiş təklifdir. Biz bunu mütləq nəzərə alacağıq.



Sosial sahəyə gəldikdə, keçən il Azərbaycan dövləti öz niyyətini və addımlarını nümayiş etdirib. Keçən il misli görünməmiş sosial paket icra edildi, 4,2 milyon insan bu təşəbbüsdən faydalandı. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz, müavinətlər 50 faiz və bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bu, insanların yaşayış səviyyəsinə çox müsbət təsir göstərmişdir. Üstəgəl, vaxtı keçmiş kreditlər məsələsinin həll edilməsi də ən yüksək səviyyədə Azərbaycanda təşkil olundu. Bu il bir daha biz öz sosial məsuliyyətimizi nümayiş etdiririk. Biz vətəndaşların rifah halının düşməməsi istiqamətində əməli addımlar atırıq və hesab edirəm ki, bu sahədə də birincilik göstəririk.

Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır. İlk növbədə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması, - baxmayaraq, mən hesab edirəm ki, vətəndaşlar daha məsuliyyətli olmalıdır, - amma dünya miqyasında müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır. Bizdə yoluxma halları əhalinin sayına görə çox aşağı səviyyədədir və ölüm halları da həmçinin. Ancaq bu, yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə lazımi işlər görülüb və görüləcək.

Bu gündən etibarən qüvvəyə minmiş qaydalar əminəm ki, müsbət dinamikanı gücləndirəcək. Eyni zamanda, çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə bunun icrası nəzərdə tutulur, həmçinin sosial paket. İşləyən vətəndaşların işlərini itirməməsi üçün sahibkarlara çağırış və nəinki çağırış, eyni zamanda, sahibkarlara dəstək. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar. Onlara kim dəstək verməlidir? Dövlət. Hər zaman olduğu kimi dövlət bunu edir. Ona görə həm xəstəliyə qarşı mübarizə, həm iqtisadi fəallığın təmin edilməsi, həm sosial məsələlərin həlli, hər bir vətəndaşın problemlərinin dərk edilməsi və kömək göstərmə cəhdlərimiz və niyyətimiz, bax, bizim siyasətimizi əks etdirir, eyni zamanda, Azərbaycan vətəndaşlarına hesab edirəm ki, ən gözəl xidmət olacaqdır. Ona görə hesab edirəm ki, məruzə etdiyiniz məsələlərin formalaşması artıq tam yekunlaşmalıdır və vaxt itirmədən faktiki ödəmələr də başlanmalıdır və təbii ki, siyahılar da tutulubdur.

Eyni zamanda, bizim ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız da dərinləşməlidir. Pandemiya burada bizə maneçilik törətməməlidir, vaxt itirməməliyik. Bizim əsas məqsədimiz, - mən bu vəzifəni İqtisadiyyat Nazirliyi qarşısında qoymuşdum, - kölgə iqtisadiyyatının miqyasının daraldılmasıdır. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi addımlar atılıb. Keçən il vergi və gömrük orqanları xəzinəyə proqnozdan artıq bir milyard manat vəsait daxil etdilər. Nəyin hesabına? Kölgə iqtisadiyyatının kiçilməsi hesabına.

Bu ili çox gözəl başlamışdıq. İki ayda 250 milyon manatdan çox gəlir olmuşdu. Nəyin hesabına? Kölgə iqtisadiyyatına qarşı mübarizə hesabına. Bu proses davam etdiriləcəkdir. Bir daha özəl sektorun nümayəndələrinə müraciət etmək istərdim və artıq mən bunu bir neçə dəfə demişəm ki, biz köklü islahatlar aparırıq. Bu, kölgə iqtisadiyyatının sonu deməkdir. Ancaq biz hər şeyi ardıcıllıqla edirik, yüzlərlə, bəlkə də minlərlə sahibkarlıq subyekti var. Biz onlara vaxt verdik. Eyni zamanda, İqtisadiyyat Nazirliyi onlara həm vaxt verdi, həm də ki, maarifləndirmə işləri apardı. Onlar üçün bu gün dediyim sözlər sürpriz deyil. Bu, siyasətdir və bu, strateji xəttimizdir. Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbirli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi.

Bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb və ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu öz gündəliyindən çıxarıbdır. Amma elə sahibkarlar var ki, hələ də hesab edirlər, köhnə qayda ilə işləyəcəklər. Mən onlara birmənalı demək istəyirəm ki, bu, keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır. Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur. Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırığımı eşidir və görür ki, istisnasız bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişafını davam etdirəcək.

Mən dəfələrlə demişəm və həyat onu göstərir ki, biz elə işləməliyik, elə yaşamalıyıq, sanki biz postneft dövründə yaşayırıq. İndi neftin qiyməti 21-22 dollar olan zaman, faktiki olaraq bu, bizim üçün postneft dövrüdür. Biz bu dövrə hazırlıq işləri görmüşük və bu hazırlıq işləri hələ ki, davam edir. Ona görə sahibkarlardan da çox şey asılıdır. Biz bütün lazımi qərarları qəbul etdik, qanunvericilikdə lazım olan düzəlişləri etdik və edəcəyik. Ona görə indi sahibkarlar da ümumi işimizə uyğun fəaliyyət göstərməlidirlər və belə olan halda biz bu böhrandan da şərəflə çıxa biləcəyik.

Kölgə iqtisadiyyatı ilə bağlı nə deyə bilərsiniz. İndiyədək görülmüş işlər hansı nəticə verir və əlavə hansı işlər görülməlidir, bu barədə də məruzə edin.

Mikayıl Cabbarov: Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Siz 2020-ci il 19 mart tarixli Sərəncamınızla, həmçinin bizim qarşımızda hədəf qoymuşdunuz ki, biz ortamüddətli iqtisadi proqramı və strategiyanı da hazırlayıb təqdim edək. Diqqətinizə məruzə edirəm ki, onun da konturları müəyyənləşdirilib. İlk növbədə, ağ formal iqtisadiyyatın, rəqabətədavamlı və dayanıqlı iqtisadiyyatın qurulması bütün təklif olunan tədbirlərdə hədəf olaraq qırmızı xətt kimi keçir. İqtisadiyyatımızın ixrac yönümlülüyünü saxlamaqla və genişləndirməklə daxili istehsal və istehlakın həvəsləndirilməsinə yönəlmiş tədbirlər daha geniş yer alır. Vurğuladığınız kimi, məşğulluğun qorunmasını və genişləndirilməsini başlıca vəzifəmiz kimi görürük.

Neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindəyik. Spesifik olaraq kölgə iqtisadiyyatı mövzusu da müzakirə edilibdir. Bu gün Sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılması vəsatətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə və Sizin diqqətinizə təqdim edəcəyik.

Həmçinin diqqətinizə məruzə etmək istərdim ki, bu gün birinci rübün son iş günüdür. Bizim operativ məlumata əsasən dövlət vergi xidmətinin xətti ilə proqnoz tam yerinə yetirilibdir və Azərbaycan Respublikasının büdcəsinə təxminən 200 milyon manat ətrafında proqnozdan artıq yığılmış vəsaitin təmin olunması gözlənilir.

Əsas istiqamətlər olaraq biz, həmçinin keçən ildən Dövlət Sosial Müdafiə Fondunun ödənişlərinin yığımını həyata keçiririk. Bu istiqamət üzrə də birinci rüb ərzində ünvanlı dövlət sosial müdafiə fonduna təxminən 120 milyon manat daha çox vəsait yönəldilib. İstiqamətlər olaraq orta müddətdə həm kənd təsərrüfatı emalı sahəsinin genişləndirilməsi vacib prioritet kimi görünür, həm tikinti sektoruna dəstəyin artırılması və bu sahədə fəaliyyətin genişləndirilməsi. Mən bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm ki, bu istiqamətlərdə, həmçinin ticarət, tranzit və logistika sahələrində bizə artıq aydın göstərişlərinizi vermisiniz. Yük və karqonun daşınmasına gəldikdə bugünkü şəraitdə biz hətta keçən ilin martı ilə müqayisədə bu trendlərin artmasını görürük. Bu da Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətin birbaşa nəticəsidir.

Təbii olaraq Azərbaycanın ixrac potensialının artırılmasına, genişlənməsinə, eyni zamanda, bölgələrdə daha çox iş yerlərinin yaradılmasına, onların müasirləşdirilməsinə və sənaye potensialının gücləndirilməsinə xidmət edən dağ-mədən sənayesi istiqamətində də bir sıra layihələr hazırlanır. İnanıram ki, biz onları bu paket çərçivəsində təqdim etmək iqtidarında olacağıq.

Prezident İlham Əliyev: Çox yaxşı. Hesab edirəm ki, qeyd etdiyiniz bütün bu məsələlər ilin sonuna qədər öz həllini tapmalıdır. Qeyd etdiyiniz sahələr bizim üçün həmişə prioritet olub. İndiki şəraitdə bu sahələrin inkişafı, əlbəttə, bizə müəyyən dərəcədə imkan verəcək ki, neftdən əldə ediləcək gəlirləri biz müəyyən dərəcədə qeyri-neft sektoru hesabına əvəzləyə bilək. Halbuki, bu da həqiqətdir ki, neft sektoru bizim iqtisadiyyatımız üçün əsas sektor olaraq qalır. Ancaq digər sektorlar, qeyri-neft iqtisadiyyatımızın inkişafı prioritetdir. Hesab edirəm ki, ixracyönümlü məhsulların istehsalı artırılmalı, sahibkarlıq subyektlərində sertifikatlaşma prosesi davam etdirilməlidir ki, bizim məhsullarımız həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli olsun. Əlbəttə ki, daxili istehlak daxili istehsal hesabına stimullaşdırılmalıdır. Onu da bilməliyik ki, xarici bazarlara çıxmaq ildən-ilə daha da çətinləşir. Çünki bir çox ölkələr idxalı əvəzləmək siyasətini aparırlar. Ona görə, biz həm yeni bazarlar axtarmalıyıq, həm də məhsullarımızı daha rəqabətqabiliyyətli etməliyik. Eyni zamanda, çalışmalıyıq ki, daxili tələbatı maksimum dərəcədə yerli istehsalla təmin edək. Özümüzü təminetmə əmsalına gəldikdə, bu sahədə daha dəqiq statistika aparılmalıdır. Çünki müxtəlif dövlət qurumlarından mənə fərqli rəqəmlər təqdim edilir. Ona görə bunu da sizə tapşırıram, bütün dövlət qurumlarının rəqəmlərini təhlil edin və real vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir və biz öz siyasətimizi daha dəqiq proqnozlaşdıraq. O cümlədən, Sahibkarlara Dəstək Fondu hesabına o sahələrə vəsait, kredit ayıraq ki, o sahələr hələ ki, idxaldan asılıdır. Eyni zamanda, bizim ixracımızı və özümüzü təminetmə imkanlarımızı təhlil edərkən mütləq Azərbaycanda istehsal olunan malların xarici komponentinin faizi də nəzərə alınmalıdır. Çünki bəzi hallarda xarici xammal böyük paya gəlib çıxır. İqtisadiyyat Nazirliyi bu istiqamətlər üzrə fəal işləyir, bu işləri davam etdirin. Hesab edirəm ki, bütün bu işləri düzgün qura bilsək, - mən buna şübhə etmirəm, - biz bu çətin sınaqdan da şərəflə çıxa biləcəyik.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev