1-ci sinifə qeydiyyatdan keçən şagirdlərin sayı açıqlandı

1-ci sinifə qeydiyyatdan keçən şagirdlərin sayı açıqlandı
  12 Mart 2020    Oxunub:5376
Martın 12-nə (saat 13:00) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə 9831 uşaq elektron sistemdə (www.mektebeqebul.edu.az ) qeydiyyatdan keçib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, 2019-2020-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan 24 722 uşağın I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib.

Bununla da paytaxt üzrə I sinfə ümumilikdə 34 553 uşaq elektron qeydiyyatdan keçib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 70 faizindən çoxdur.

2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla). Tədris digər dillərdə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən etibarən təşkil olunacaq.

Elektron sistem vasitəsilə özü qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər. Alternativ qeydiyyat mərkəzləri həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər fəaliyyət göstərir.

Qeyd edək ki, bu ildən ölkə üzrə ümumi təhsil müəssisələrində I sinfə şagird qəbulu elektron qaydada həyata keçirilir. I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

Azvision.az


Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti