“Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb” - Prezident

  28 Fevral 2020    Oxunub : 2091
“Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb” - Prezident
“Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb. Keçmişdə - Azərbaycan müstəqil olmadığı zaman, bildiyiniz kimi, ilk dəfə neft Bakıda çıxarılıb və dünyadakı ilk quyu bəlkə də buradan 10 kilometr məsafədə yerləşir. Lakin xalqımız bundan faydalana bilmirdi”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın müstəqil olmadığı zamanlarda 1 milyard tondan çox neft hasil edilmişdi. Əgər həmin vaxt Azərbaycan müstəqil olsa idi, ölkəmiz bu gün dünyada ən varlı və çiçəklənən ölkələrdən biri ola bilərdi: “Lakin həmin təbii sərvətlər Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Yalnız biz müstəqil olduqdan sonra bu baş verdi. Bu günün Azərbaycanı bunun aydın nümunəsidir. Ona görə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi. Bu bizim üçün həyatda qalmaq layihəsi idi. Bu bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi”.

Prezident qeyd edib ki, bütün bu işlərdən sonra Azərbaycana maraq artıb və 1996-cı ildə “Şahdəniz” sazişi imzalanıb: “Həmin vaxt qaz ölkələrin enerji təhlükəsizliyində o qədər də vacib amil deyildi. Ona görə də “Şahdəniz” sazişinin imzalanması 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” kontraktının imzalanması qədər vacib hesab olunmurdu. Lakin bu günün reallıqları onu göstərir ki, onu vaxtında etmək necə də müdrik addım olub. Daha sonra 1997-ci ildə müqavilədə müəyyən edilmiş ərazidən ilk neft çıxarıldı. Bu baxımdan, düşünürəm ki, bu da rekord idi. Çünki adətən xarici investorlarla müqavilənin imzalanması ilə ilk karbohidrogen ehtiyatlarının çıxarılması arasında vaxt 3 ildən çox olur. Bizdə isə bu, 3 il oldu və bu, bizə imkan verdi ki, iqtisadiyyatın digər sektorlarına investisiya yatırmağa başlayaq. 2002-ci ildə əsas neft boru kəmərinin tikintisi ilə bağlı qərar artıq həyata keçirilmişdi. Çünki Bakı-Tbilisi-Ceyhan kəmərinin praktiki tikintisi başlamışdı. Bundan əvvəl bizim neftimizi Rusiya, Gürcüstan və Qara dəniz limanlarına çatdıran iki boru kəməri Bakı-Novorossiysk və Bakı-Supsa artıq istifadəyə verilmişdi. Ona görə də Bakı-Tbilisi-Ceyhanın 2006-cı ildə açılışı ölkəmizin inkişafında digər bir mərhələ idi. Çünki ondan sonra biz gəlirlər əldə etməyə, infrastruktura və insan kapitalına investisiya yatırmağa başladıq. 2007-ci ildə isə Azərbaycan ilk dəfə beynəlxalq qaz ixracatçısına çevrildi, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti açıldı. Biz hesab edirik ki, planlaşdırdıqlarımızın əksəriyyəti uğurla yerinə yetirildi. Lakin qarşımızda yeni çağırışlar var idi. Biz “Şahdəniz”in, “Şahdəniz-2” layihəsinin tam miqyasda işlənilməsinə başlamalı idik. Əsas qaz boru xətti sistemi olmadan bu, imkansız idi. Ona görə də konsorsium tərəfdaşlarla razılığa gəlmək, yekun investisiya qərarı vermək üçün bizi gözləyirdi və biz buna nail olduq”.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Neft