Azərbaycanlı alimlərdən dünya elminə mühüm töhfə

Azərbaycanlı alimlərdən dünya elminə mühüm töhfə
  19 Fevral 2020    Oxunub:2973
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyevin və AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin həmmüəllifi olduğu “Yerin ilkin etalon modeli” haqqında məqalə Amerika Geofizika İttifaqının nüfuzlu nəşrlərindən olan “Earth and Space Science” jurnalında işıq üzü görüb.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, məqalədə azərbaycanlı alimlər modelin geomexaniki cəhətdən düzgün olmadığını sübuta yetiriblər. Onlar qeyri-xətti geomexaniki təhlil metodu yaratmaqla, Yerin ilkin etalon modelinin formalaşması zamanı yol verilmiş səhvləri müəyyən ediblər.

Görülmüş işlər fundamental əhəmiyyət daşımaqla yanaşı, həm də böyük innovativ xüsusiyyətə malikdir. Belə ki, yeni metodun tətbiqi neft-qaz yataqlarının və regionun seysmik aktivliyinin öyrənilməsində yeni mərhələ rolunu oynayacaq.

Qeyd edək ki, Yerin ilkin etalon modeli 1981-ci ildə ABŞ Geofizika İttifaqının prezidenti D.Anderson və məşhur professor A.Dzevonski tərəfindən beynəlxalq elmi ictimaiyyətə təqdim edilib. Alimlər bu araşdırmalarına görə 1989-cu ildə Yer elmləri sahəsində Nobel mükafatına bərabər sayılan Kraudof mükafatına layiq görülüblər. Model bu günə qədər çoxsaylı geoloji və geofiziki problemlərin həllində istifadə olunub.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti