Almaniyada professor adını qazanmış ilk azərbaycanlı alim

 Almaniyada professor adını qazanmış ilk azərbaycanlı alim
  19 Fevral 2020    Oxunub:55848
Uzun müddət AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmiş Pərvanə Hacıyeva Almaniyada elm sahəsində çalışan həmvətənlərimiz arasında professor elmi adına layiq görülən ilk azərbaycanlıdır.
Bu barədə Azvision.az -a AMEA-dan məlumat verilib. Bildirilib ki, o, Almaniyanın Hamburq Universitetinin Tibb fakültəsinin biokimya üzrə professoru, eyni zamanda, Alman Mitoxondrial Xəstəliklər Birliyində mütəxəssislər qrupunun və Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin üzvüdür.

P.Hacıyeva 1991-1996-cı illərdə Bakı Dövlət Universitetində tibbi biologiya ixtisası üzrə təhsil alıb. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan alim burada elmi tədqiqat layihələri üzərində işləyib. O, 1998-ci ildə İtaliyanın Florensiya şəhərində yerləşən Nüvə Maqnit Rezonansı Mərkəzində doktoranturaya daxil olub və professor İvano Bertininin rəhbərliyi altında metal proteinlərin struktur-bioloji araşdırmasını aparıb.

Alim 2000-ci ildə Florensiya Universitetində “Təbii və modifikasiya olunmuş sitoxromların struktur və çeviklik xassələri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2001-ci ildə Florensiya Universitetinin Kimya fakültəsinin nəzdində olan Nüvə Maqnit Rezonansı Mərkəzində elmi işçi kimi fəaliyyətə başlayıb. 2001-2002-ci illərdə elmi fəaliyyətini Münxen şəhərində yerləşən Maks Plank Elmi-Tədqiqat Cəmiyyətinin Psixiatriya İnstitutunda davam etdirən P.Hacıyeva qocalma prosesində hüceyrələrdə baş verən dəyişikliklərlə bağlı tədqiqatlar üzərində işləyib. Onun tədqiqatlarının əsas istiqamətini sinir sistemindəki neyronların qocalması prosesi təşkil edir.

P.Hacıyeva 2002-ci ildə Almaniyanın Mayns Tibb Universitetinin Fizioloji Kimya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 2006-cı ildə bu universitetin Patobiokimya İnstitutunda “Oksidativ stress, antioksidantlar və mitofagiya” adlı elmi işçi qrupunu yaradıb. O, rəhbərlik etdiyi qrupda biokimya sahəsində mövcud problemlərin dərindən araşdırılması, eləcə də müxtəlif istiqamətlərdə görülən elmi layihələrin koordinasiyası ilə məşğul olub.

Alim 2016-cı ildə Mayns Tibb Universitetində biokimya sahəsi üzrə hazırladığı dissertasiya işini müdafiə edib və biokimya üzrə “venia legendi” elmi adına layiq görülüb. P.Hacıyeva həmin universitetin Tibb fakültəsində biokimya üzrə professor adını qazanaraq, hüceyrənin adaptasiya və metobalizmi üzrə elmi tədqiqat qrupunu yaradıb. O, tələbələrə müalicə işi fənni üzrə mühazirələr oxuyur, biologiya, kimya, əczaçılıq fənləri üzrə yerinə yetirilən elmi işlərə rəhbərlik edir.

P.Hacıyeva hazırda tibb sahəsində müxtəlif beynəlxalq jurnalların rəyçisidir. İngilis, alman, italyan və rus dillərini mükəmməl bilən alim elmi yaradıcılığı ilə yanaşı, poliqlot kimi də tanınır.

Azvision.az


Teqlər: AMEA   Professor   Alim  





Xəbər lenti