Dərsliklərdəki mübahisəli məqamlar müzakirə olunub

Dərsliklərdəki mübahisəli məqamlar müzakirə olunub
  07 Fevral 2020    Oxunub:1952
Dövlət İmtahan Mərkəzi Azərbaycan dili, ingilis dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə növbəti elmi-metodiki seminarlar keçirib.
DİM-dən Azvision.az -a bildirilib ki, ingilis dili fənni üzrə seminarda 11-ci sinif “English”, fizika fənni üzrə seminarda 8-ci sinif “Fizika”, rus dili fənni üzrə seminarda 11-ci sinif “Russkiy yazık”, biologiya fənni üzrə seminarda 11-ci sinif “Biologiya”, tarix fənni üzrə seminarda 6-11-ci siniflər üçün “Tarix” və “Coğrafiya” fənni üzrə seminarda “Coğrafiya” (6-11-ci sinif dərslikləri üzrə “Biosfer” bölməsi) dərslikləri məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.

Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib. Hazırlanacaq tövsiyələr xidməti istifadə üçün müvafiq şöbələrə təqdim ediləcək.

Azərbaycan dili fənni üzrə seminarda 7 iyul 2019-cu il tarixində II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılıb. Kimya fənni üzrə seminarda yeni tipli tapşırıqların hazırlanması qaydalarının müzakirəsi olub.

Riyaziyyat fənni üzrə seminarda isə 7 iyul 2019-cu il tarixində II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılıb.

Hər bir tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi, fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu baxımından təhlili aparılıb. Təhlil göstərib ki, tapşırıqlar abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Həmçinin tapşırıqlar məzmun standartlarının təlim nəticələrinə uyğun olub.

Müzakirələr zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. Həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Seminarlarda Bakı, Xırdalan, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər. Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.


Azvision.az


Teqlər: DİM  





Xəbər lenti