“Bizim 1000 meqavat əlavə elektrik enerji gücümüz var” - Prezident

  09 Yanvar 2020    Oxunub : 2148
“Bizim 1000 meqavat əlavə elektrik enerji gücümüz var” - Prezident
Azərbaycan elektrik enerjisi sektoruna çoxlu investisiya yatırıb və elektrik xətləri bizi qonşularımızla birləşdirir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahini qəbul edərkən deyib.

Dövlət başçısı çıxışında bildirib: "Biz elektrik enerjisinin istehsalına çoxlu investisiya yatırmışıq. Bu gün bizim 1000 meqavat əlavə elektrik enerji gücümüz var və biz bunu ixrac edirik, bizim ixrac bazarlarımız var. Həmçinin sizə bildirmək istərdim ki, bizim bu sektordakı investisiyalarımız aparıcı beynəlxalq institutlar tərəfindən, xüsusilə Davos Dünya İqtisadi Forumu tərəfindən qeydə alınır. Onlar elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycanı dünyada ikinci yerə layiq görüblər. Bütün ölkəmiz elektrik xətləri ilə təmin olunub və qeyd etdiyim kimi, bu gün Azərbaycan ixracatçıya çevrilib. Həmçinin bu yaxınlarda, bir aydan bir qədər çox bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə mühüm qaz kəməri layihəsi olan və artıq Avropa İttifaqının sərhədlərinə çatan TANAP-ı tamamladıq. Biz Günəş və küləkdən nə qədər çox enerji əldə etsək öz ehtiyaclarımıza və ixrac üçün təbii qaza bir o qədər qənaət edəcəyik. Ona görə də mən bugünkü mərasimə çox böyük əhəmiyyət verirəm. Bu, bizim doğru yolda olduğumuzu göstərir. Bu, həmçinin onu göstərir ki, Azərbaycan investorlar üçün çox yaxşı şərait yaradıb".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev