Prezident Milli Qəhrəmana ev verib - FOTOLAR

  25 Dekabr 2019    Oxunub : 4453
 Prezident Milli Qəhrəmana ev verib - FOTOLAR
Xəbər verdiyimiz kimi, dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Azvision.az xəbər verir ki, mənzillə təmin olunan Qarabağ əlillərindən biri Milli Qəhrəman Sahil Məmmədovdur.

O, ölkə başçısı ilə görüşdə deyib: "Çox şadam ki, bu gün Sizin ad gününüzdə bizə gözəl ev hədiyyə edirsiniz. Bunu çox şərəflə qəbul edirik. Sizi ad gününüz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzu edirəm. Gələcək işlərinizdə müvəffəqiyyətlər diləyirəm".



Qeyd edək ki, Sahil Məmmədov 1964-cü il fevralın 5-də Qərbi Azərbaycanın Uluxanlı rayonunun Yuxarı Necili kəndində anadan olub. 6 yaşında əmisi ilə Bakıya gəlib, Bakıxanov qəsəbəsində 96 saylı məktəbdə təhsil alıb. 1983-cü il SSRİ DİN-nin Ali Siyasi məktəbinə daxil olub. 1987-ci ildən Ukraynada xidmətə başlayıb. 1988-ci ildə ermənilər azərbaycanlıları Qərbi Azərbaycandan deportasiya etdikləri vaxt o, məzuniyyətlə vətənə dönüb, ailəsini Bakı şəhərinə yerləşdirib, yenidən Ukraynaya qayıdıb. Qarabağ savaşında iştirak etmək üçün bir neçə dəfə tərxis edilməsi haqqında müraciətlər etsə də, cavabsız qalıb. Nəhayət, 1992-ci il Vətənə qayıdıb və Hərbi polis alayında rota komandiri kimi xidmətə başlayıb.



S.Məmmədov Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Döyüşlərin birində yanında mərmi partlayıb. O, sağ qolundan və sol ayağından ağır yaralanıb.

1992-ci il oktyabrın 8-də ona Milli Qəhrəman adı verilib.







Rüstəm İsmayılov
Azvision.az

Teqlər: Milli-Qəhrəman   Mənzil