Millimizə yeni baş məşqçi təyin olundu

Millimizə yeni baş məşqçi təyin olundu
  14 Dekabr 2019    Oxunub:2856
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Federasiyanın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu vəzifəyə Vаsif Talıbov təyin edilib. 46 yaşlı mütəxəssisə Famil Ağayev və Eldar Yusubov yardımçı olacaqlar. Onların ilk sınağı 7 - 12 yanvar 2020-ci ildə Hollandiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə təsadüf edəcək.

Hər üç mütəxəssis qadınlar arasında keçirilən Azərbaycan Super Liqasında müvafiq olaraq, “Murov”, “Azərreyl” və “Abşeron” komandalarının baş məşqçiləridir.

Qeyd edək ki, Talıbov Vasif Rahib oğlu 1973-cü ildə Masallı rayonunda anadan olub. 1991-ci ildə SSRİ-nin gənclərdən ibarət yığma komandasının tərkibində Yeniyetmələr arasında olimpiya çempionu olub. O, voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü olmaqla bərabər Azərbaycan, Türkiyə, İran və Ukrayna klublarında çıxış edib. 2004-cü ildən məşqçilik fəaliyyətinə Ukraynanın Vinnitsa şəhərinin klublarında köməkçi məşqçi, baş məşqçi vəzifələrində çalışmağa başlayıb.

Məşqçilik fəaliyətindəki nəticələrini nəzərə alaraq 2013-cü ildə V.Talıbov Bakıya dəvət alıb və “Telekom” voleybol klubunun baş məşqçisi təyin edilib.

2014-cü ildə isə dəfələrlə Azərbaycan çempionu və klublar arasında dünya çempionatının qızıl medalçısı olmuş "Rabitə" klubunda baş məşqçi Zoran Qayiçın ikinci köməkçisi kimi çalışıb. 2017-2018-ci illərdə Talıbov Ukraynanın kişilərdən ibarət “Vinnitsa” voleybol komandasının baş məşqçisi olub.

Azvision.az


Teqlər: Voleybol   Milli   Məşqçi  





Xəbər lenti