"120- dən çox müəllim işə qəbul edilib"- Nazir

"120- dən çox  müəllim işə qəbul edilib"-    Nazir
  20 Sentyabr 2019    Oxunub:3134
"Müntəzəm olaraq şəhər və rayonlarda əhali ilə keçirilən görüşlər bir çox məsələlərin operativ şəkildə həll olunması baxımından yaxşı təcrübədir".
Azvision.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev bu sözləri sentyabrın 20-də Naftalan şəhərində vətəndaşların qəbulundan sonra mətbuata açıqlamasında bildirib.

Nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğulayıb: “Regional idarəçilik bizə imkan verir ki, yerlərdə real olaraq mədəniyyət sahəsinin inkişafını təmin edək, bu istiqamətdə daha çox işlər görək. Naftalanda Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxana üçün gözəl şərait yaradılıb. Artıq insanlar burada göstərilən mədəni xidmətlərdən daha rahat şəraitdə yararlana bilərlər”.

Nazir qəbulda qaldırılan məsələlərin öz həllini tapacağını vurğulayıb. Bildirib ki, Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə yekun vurulub və 120 nəfərdən çox müəllim müvafiq təhsil ocaqlarında işə qəbul edilib. Boş qalan yerlərə isə yeni müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Bölgədə yerləşən mədəniyyət müəssisələrinin nəzdində əl işlərinin və suvenirlərin hazırlanması üzrə dərnəklərin yaradılmasına da dəstək göstəriləcək. Həmçinin tarixi abidələrin vəziyyəti ilə bağlı müraciətlər də diqqətdə saxlanılacaq.

Əbülfəs Qarayev “Sınıq körpü”də aparılan təmir-bərpa işlərindən bəhs edərək deyib ki, orada işlər nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında mütəxəssislərin iştirakı ilə aparılır. Təmir-bərpa işlərinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.

Heydər Əliyev Fondu tərəfindən Gəncə Dövlət Dram Teatrında tikinti işlərinin davam etdirildiyini deyən nazir bildirib ki, gələn mövsümə kimi tikinti işlərinin başa çatacağını gözləyirik.

Qeyd edək ki, Əbülfəs Qarayev Naftalan şəhərində qəbuldan sonra Gəncə şəhərinə gələrək bir sıra mədəniyyət müəssisələrin fəaliyyəti ilə də tanış olub.

Nazir ilk olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına gəlib. Filarmoniyanın fəaliyyəti, təşkil olunan konsertlər haqqında məlumat verilib. Nazir burada fəaliyyət göstərən musiqi kollektivlərinin – Gəncə Dövlət Kamera Orkestrinin, yeni yaradılmış “Xəmsə” estrada ansamblının məşqlərinə baxıb.

Əbülfəs Qarayev Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkib. Muzeyin fəaliyyəti, eləcə də muzeyin həyətində yaradılmış açıq səma altında ekspozisiya haqqında ətraflı məlumat verilib.

Nazir XIX əsr “Hüseyniyyə” tarix-memarlıq abidəsini və Mirzə Şəfi Vazeh muzeyini də ziyarət edib.

Əbülfəs Qarayev daha sonra Telman Hacıyev adına Gəncə şəhər 2 nömrəli Uşaq musiqi məktəbində olub. Məlumat verilib ki, məktəbin yerləşdiyi bina 1903-cü ildə inşa olunub. 1959-cu ildən məktəb bu binada fəaliyyət göstərir. Binanın əsaslı təmir-bərpasına böyük ehtiyac var. Nazir bu məsələyə baxılacağını bildirib.

Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Azvision.az



Teqlər: ƏbülfəsQarayev  





Xəbər lenti