Peşə məktəblərinə qeydiyyat sabah başa çatır

Peşə məktəblərinə qeydiyyat sabah başa çatır
  26 Avqust 2019    Oxunub:1507
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı sabah başa çatır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, avqustun 27-də peşə təhsili üzrə ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərin sonuncu qeydiyyat günüdür. Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar.

Qeydiyyatdan keçmək üçün təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər) tələb olunur.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.

Peşə təhsili müəssisələrinə qəbul olunmaq üçün 11000-dən çox ərizəçi müraciət edib. Onlardan 8808-i peşə təhsili müəssisələrinə qəbul olunub.

Azvision.az



Teqlər: Peşə   Məktəb   Qeydiyyat  





Xəbər lenti