DMX-dan namizədlərin seçilməsi ilə bağlı elan
"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, sözügedən Qanunun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin seçilməsi məqsədi ilə vətəndaş cəmiyyəti institutlarının namizədlərinin qeydə alınması elan edilir.
Namizədlərə aid tələblər:
1. Şuraya irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, miqrasiya sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər.
2. Hər bir vətəndaş cəmiyyəti institutu, qanuna görə ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürməlidir.
3. İctimai şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir:
şəxsiyyət vəsiqəsinin surətini (müvafiq qaydada təsdiq edilmiş);
tərcümeyi-halını;
hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surətini (müvafiq qaydada təsdiq edilmiş);
tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
4. Yuxarıda göstərilən şərtlərə uyğun olmayan şəxslərin namizədliyinin qeydiyyatından imtina edilir.
5. Namizədlər tələb olunan sənədləri 2019-cu ilin 30 aprel-30 may tarixləri arasında - rəsmi iş günləri saat 10:00-dan 18:00-dək - Dövlət Miqrasiya Xidmətinə şəxsən və ya [email protected] elektron poçtu vasitəsilə təqdim etməlidirlər (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 202, məhəllə 3123 tel: 012 563 57 82)".
Azvision.az