Tərtərdə heyvanlar peyvənd olunub
Qeyd olunub ki, hazırda Tərtər Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 27500 baş iribuynuzlu, 54 min baş xırdabuynuzlu, 800 baş təkdırnaqlı heyvan, 3 min baş it və 264300 başdan artıq ev quşuna baytarlıq xidməti göstərir: "Hazırda Tərtər Rayon Baytarlıq İdarəsi tərəfindən Bəyimsarov kəndi ərazisində yerləşən İbrahimov Habil Qaməddin oğluna məxsus kəndli (fermer) heyvandarlıq təsərrüfatında saxlanılan 306 baş holştein-friz cinsli iribuynuzlu heyvanlar arasında nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatlarda ilin əvvəlində qarayara, daha sonra isə dabaq xəstəlikləri əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, Tərtər Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 27621 baş iribuynuzlu, 750 baş təkdırnaqlı heyvanda qarayara və 2984 baş sahibli itdə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Fevral ayından Tərtər rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 27438 baş iribuynuzlu, 121399 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Mart ayının ilk günlərindən isə Tərtər Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 7800 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir".
Bildirilib ki, iribuynuzlu heyvanlar arasında vərəm xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2766 baş iribuynuzlu heyvanlarda allergik müayinə aparılıb. Eləcə də 3 min kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb.
"Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Tərtər rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda nodulyar dermatit, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir".
Azvision.az
Teqlər: DBX