İlham Əliyev Təşkilat Komitəsi yaratdı - SİYAHI
“Dünya dini liderlərinin II Bakı sammiti” 2019-cu il noyabrın 14-15-də keçiriləcək.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında müasir dövrdə millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüquq normalarına və zəngin tarixi köklərə əsaslanır. Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsi aparılır. Bu baxımdan, 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş sammitini sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə hesab etmək olar.
Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Bakıda növbəti beynəlxalq sammitin keçirilməsi, ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsi aktuallıq kəsb edən məsələlərdəndir.
Azvision.az
Teqlər: İlham-Əliyev