Cavid Qurbanov Koreyada səfərdədir

Cavid Qurbanov Koreyada səfərdədir
  11 Aprel 2019    Oxunub:1671
Koreya Respublikasının paytaxtı Seulda keçirilən Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Baş Direktorlar Konfransının 34-cü iclası çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bir sıra ikitərəfli görüşlər keçirib.
QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, "Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayevlə görüşdə C.Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcudluğundan danışıb.

Görüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub.

"Qazaxıstan Dəmir Yolları" SC-nin sədri S.Mınbayev hər iki ölkənin dəmir yolları arasında ikitərəfli əməkdaşlığın perspektivlərindən danışıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin Çin Dəmir Yollarının baş direktorunun müavini Lyu Çjenfanla görüşündə isə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) inkişaf perspektivləri, Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşmasında BTNM-in əhəmiyyətinə dair müzakirələr aparılıb.

C.Qurbanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafında mühüm önəm kəsb edir Anlaşma Memorandumu" imzalanıb. Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşmasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünə ilk dəstək verən ölkələrdəndir. Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və Azərbaycandan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri ölkəmizin nəqliyyat-logistika imkanları, o cümlədən beynəlxalq nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Deyib ki, Azərbaycan tərəfi Çinin "Bir kəmər, bir yol" strategiyasının istiqamətlərindən olan və tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan "İpək Yolu İqtisadi Kəməri" təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər.

Çin Dəmir Yollarının baş direktorunun müavini L.Çjenfan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumata görə C.Qurbanovla təşəkkürünü bildirib.

Azvision.az


Teqlər: Cavid-Qurbanov   Seul  





Xəbər lenti