Komitədən sahibkarın iddialarına cavab
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.
Əks halda, həmin şəxslər üçün İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsinin və ya Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun cəza tətbiqi nəzərdə tutulur.
İXM-nin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan 20 000 (iyirmi min) manatadək xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tətbiq edilir.
Cinayət Məcəlləsinin 208.1-ci maddəsinə əsasən, təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və qanunvericiliyə müvafiq olaraq Azərbaycanın müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda (xeyli miqdar dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği) xarici valyuta vəsaitlərini xaricdən qaytarmamasına görə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə və 208.2-ci maddəsinə əsasən, eyni əməllər, külli miqdarda (otuz min manatdan artıq) törədildikdə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Hidayətov Təyyar Hidayət oğlu 2017-ci ilin fevral ayının 2-dən 2018-ci ilin sentyabr ayının 30-dək ölkədən çıxardığı ixrac mallarının dəyəri müqabilində 15,664,596.94 (on beş milyon altı yüz altmış dörd min beş yüz doxsan altı ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablaşma hesabına qanunla müəyyən olunmuş müddət ərzində köçürülməsini təmin etməyib. Yəni, ixrac etdiyi mallara görə əldə etdiyi vəsaiti qanuna əsasən faktiki olaraq geri qaytarmayıb.
Həmin şəxsin ixrac etdiyi malların invoys dəyərinin guya gömrük orqanları tərəfindən artırıldığına dair iddialarına gəlincə isə, 2017-2019-cu illər ərzində Hidayətov Təyyar Hidayət oğlu tərəfindən təqdim edilmiş müvafiq təsdiqedici sənədlər əsasında 5 ölkəyə (Belarus, Rusiya, Gürcüstan, Türkmənistan və Ukrayna) ümumilikdə 1706379.30 (bir milyon yeddi yüz altı min üç yüz yetmiş doqquz ABŞ dolları otuz sent) ABŞ dolları dəyərində Azərbaycan mənşəli təzə narın ixracı həyata keçirilib.
Qeyd olunan ölkələrdən yalnız Rusiya Federasiyasına göndərilən təzə narın 1 kq-nın invoys dəyəri 1.80 ABŞ dolları olaraq Hidayətov Təyyar Hidayət oğlu tərəfindən bəyan edilməklə rəsmiləşdirilib.
Digər ölkələrə ixrac olunan təzə narın 1 kq-nın invoys dəyəri isə 0.22-1.01 ABŞ dollarıdır və gömrük orqanlarının malların invoys dəyərinin artırılması tələbinə dair iddialar həqiqətə uyğun deyil.
Onu da qeyd edək ki, Hidayətov Təyyar Hidayət oğlu DGK-nın məsul əməkdaşlarının iştirakı ilə gömrük xidməti general-mayoru Mirqasım Vahabov tərəfindən qəbul olunaraq, bütün etik normalara riayət edilməklə dinlənilib və ixrac malları müqabilində 15,664,596.94 (on beş milyon altı yüz altmış dörd min beş yüz doxsan altı ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində valyuta vəsaitinin müvəkkil bankdakı hesablaşma hesabına bərpası barədə mövcud qanunvericiliyin tələbləri ona izah edilib. Lakin sahibkar dövlət orqanının haqlı tələbini hələlik yerinə yetirməkdən imtina edərək əsassız iddialar irəli sürür.
Üstəlik, özünün ifadə etdiyi kimi, "formal xarakterli" müqavilə əsasında deyil, qanunauyğun şəkildə fəaliyyət göstərəcəyi təqdirdə ixrac etdiyi malların gömrük dəyərinin 3 faizi həcmində vəsait dövlət tərəfindən qanunvericilikdə nəzərdə tutulan stimullaşdırıcı tədbirlər çərçivəsində, təsdiqedici sənədlərə əsasən, ixrac təşviqi kimi onun Azərbaycandakı bank hesabına köçürülə bilərdi.
DGK bir daha bildirir ki, qanuni fəaliyyət göstərən xarici iqtisadi fəaliyyət iştirakçıları daim gömrük orqanları tərəfindən dəstəklənir, bilərəkdən qanunlardan yayınmağa çalışanlara qarşı isə qanunvericiliyə uyğun şəkildə tədbirlər görüləcək.
Azvision.az