59 dövlət əmlakı hərraca çıxarılıb

59 dövlət əmlakı hərraca çıxarılıb
  27 Mart 2019    Oxunub:2330
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, budəfəki hərracda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri özəlləşdirilib. Qeyri-yaşayış sahələri üzrə keçirilən hərracda iştirakçılar arasında rəqabətli mühit yaranıb. Belə ki, paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən, ümumi faydalı sahəsi 96,6 kvadratmetr olan obyekt üçün ilkin hərrac qiyməti 25 min manat təyin olunub. Özəlləşdirmə prosesində 4 iştirakçı arasında yaranan rəqabət dövlət əmlakının qiymətini 3 dəfədən çox artırıb. Hərrac üzrə qalib şəxs bu obyekti 75 min manata özəlləşdirib. Rəqabətli mühitdə özəlləşdirilən digər qeyri-yaşayış sahəsi Bakı Şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindədir. Ümumi faydalı sahəsi 49,2 kvadratmert olan obyektin ilkin hərrac qiyməti 9 min 750 manat təyin olunub. Hərrac iştirakçılarından biri 32 min manat təklif edərək bu qeyri-yaşayış sahəsini özəlləşdirib.

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsindəki “Material Təchizat” adlı səhmdar cəmiyyətinin nizamnamə kapitalının 43 faizlik səhm paketi investor tərəfindən özəlləşdirilib. Dövlət müəssisəsinin fəaliyyət sahəsinə təchizat, ticarət və məişət üzrə xidmətlər aiddir. Ümumi torpaq sahəsi 8,8 min kvadratmetr olan səhmdar cəmiyyətinin ərazisində inzibati bina, gözətçi binası, anbar və digər binalar var.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə ticarət obyektləri aiddir. Belə ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nəsrulla Əsgərov küçəsində yerləşən 46 saylı mağazanın ümumi faydalı sahəsi 85,4 kvadratmetrdir. Ticarət və digər xidmət obyekti kimi istifadəyə imkan verən əmlakı iştirakçı 6 min 750 manata özəlləşdirib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri aprelin 23-də keçiriləcək. Özəlləşdirmə prosesinə ümumilikdə 59 dövlət əmlakı çıxarılıb. Onlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Uğurlu biznes imkanları olan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kvadratmetr ilə 2095 kvadratmetr arasındadır. Hərraca çıxarılan bu növ dövlət əmlakları sənaye, inşaat, xidmət və digər sahələrə aiddir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 12,5 kvadratmetr ilə 213,7 kvadratmetr arasındadır. Xidmət və ofis obyekti kimi istifadəyə imkan verən bu dövlət əmlaklarından 7-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Bərdə, Daşkəsən və Sabirabadda yerləşir.

Hərraca çıxarılan hər bir dövlət əmlakı barədə ətraflı məlumat əldə etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Dövlət əmlakları üzrə seçim edən şəxslər elektron formada qeydiyyat və sifariş prosedurlarından keçərək iştirakçı statusu qazana bilər. Hərrac keçirildiyi gün iştirakçılarla bərabər, adi şəxslər də hərraca onlayn formada qoşula bilər.

Azvision.az


Teqlər: Hərrac   ƏMDK  





Xəbər lenti