“Dövlət dinlər arasında ayrı-seçkiliyə yol vermir” - PA-nın şöbə müdiri
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmini ölkə qanunvericiliyində öz əksini tapıb: "Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasına nümunə kimi ölkədə milli etiqad azadlığı ilə yanaşı bütün din və məzhəblərin qanun qarşısında bərabər olması qeyd edilməlidir. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Buna baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir. Dövlət-din münasibətlərinə dair daha bir nailiyyət ondan ibarətdir ki, dövlət bütün dini qurumların hər birinə lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Son dövrlərdə Bakıda və regionda çoxsaylı rus pravoslav, gürcü pravoslav, alban-udin kilsə və məbədləri, yəhudi sinaqoqları əsaslı təmir edilib".
E.Nəcəfov deyib ki, Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən dini qurumlara mənəvi yardım da göstərir. Belə ki, bütün Cənubi Qafqaz regionunda ilk dəfə olaraq, 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü Azərbaycanda qeyd olunub. Onun sözlərinə görə, Azərbaycanda tolerantlıq mühitinin daha da gücləndirilməsi daim dövlətin nəzarətində saxlanılır.
PA rəsmisi əlavə edib ki, Azərbaycanda dini azadlığın yüksək səviyyədə təmin edilməsi, bütün dini məzhəblərin qanun qarşısında bərabər olması, dini qurumlara dövlət dəstəyinin göstərilməsi öz məntiqi nəticəsi kimi ölkə daxilində dinlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında qurulmasına səbəb olub.
Aytən Zəhra
Azvision.az
Teqlər: PA