QMİ sədri: “Münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq”

  QMİ sədri:  “Münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq”
  05 Mart 2019    Oxunub:2875
Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir.
Azvision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir.

"Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Bu bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub və hal-hazırda yüksək səviyyədə davam və inkişaf etdirilir. Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir. Ölkəmiz artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən, Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib".

A.Paşazadə qeyd edib ki, müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə - məscidlərlə yanaşı xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin mövcud olduğu nümunəvi məkandır. "Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Çox təəssüflər olsun ki, hazırda dünyamızda humanitar fəlakətlər, insan qırğını, miqrant böhranı kimi hallar gündəmdədir. 20 faiz torpağı erməni ekstremistləri tərəfindən işgal olunan, bir milyondan artıq soydaşı qaçqın-məcburi köçkün taleyi yaşamağa məcbur olan, Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı ən ağrılı problemimiz olan Qarabağ münaqişəsinin müharibə yolu ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır".

QMİ sədri qeyd edib ki, bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması problemin həllində, habelə terrorizm, islamofobiya, antisemitizm, ekstremizm və radikalizmin önlənməsində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığı vacibdir. "Konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin əməkdaşlığı - milyonlarla insan üçün ən gözəl örnəkdir. Məzhəbindən asılı olmayaraq bölgə müsəlmanlarının tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi dinlərarası dialoq sahəsində malik olduğu təcrübəni məhz bu istiqamətdə davam və inkişaf etdirir. QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin fəaliyyəti məhz bu mərama xidmət edir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Şeyx   İslam   QMİ  





Xəbər lenti