Bayılda nə baş verir? - “Haqsız tələblər irəli sürürlər”

  Bayılda nə baş verir?  -  “Haqsız tələblər irəli sürürlər”
  04 Mart 2019    Oxunub:3168
Son günlərdə Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı bir sıra elektron və yazılı KİV-lərdə müxtəlif yazılar dərc olunur, sakinlərin, yerli qurumların, xüsusən də burada öz maraqları olan bəzi insanların mülahizələri, məsələnin həlli yolları barədə təklifləri verilir.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti başçısınin 2 saylı Ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov Azvision.az -a bildirib ki, Bayıl yamacında ötən il fevral ayında baş vermiş məlum sürüşmə hadisəsindən sonra dövlət qurumları tərəfindən burada müvafiq tədbirlər həyata keçirilib. Belə ki, ilk növbədə yararız hala düşən 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilib.

Onun sözlərinə görə, sürüşmə zonasında yerli və xarici mütəxəsislərin iştirakı ilə araşdırma aparılıb və hazırda bu işlər davam etdirilir: "Bildirmək istəyirəm ki, bu ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin demək olar ki, böyük əksəriyyəti sənədsiz, qeyri-qanuni tikililərdir. Sakinlərin tikililərə dair heç bir mülkiyyət sənədi və ünvana qeydiyyatları yoxdur. Sonradan 90-cı illərdə də isə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb.

Bu gün bu ərazidəki vəziyyət dövlət qurumlarının nəzarətindədir. Məsələyə Nazirlər Kabinetində baxılır. NK-nin çıxaracağı qərara uyğun olaraq icra strukturları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcəkdir. Sürüşmə zonasında yaşayanlar üçün kompensasiyaların ödənilməsi və ya digər tədbirlərin görüləcəyi ilə bağlı məsələlər barədə mülahizə yürütmək düzgün deyil. Çox vaxt bəzi maraqlı tərəflər bilərəkdən burada narazılıq yaratmağa çalışır, öz problemlərini qabardır, kompensasiyaların məbləğınin daha da çox verilməsi və digər əlavə haqsız tələblər irəli sürürlər. Bununla bağlı deyə bilərəm ki, məsələnin hansı şəkildə həll olunacağı Nazirlər Kabinetinin qərarından sonra müəyyən ediləcəkdir".

Azvision.az


Teqlər: Bayıl   BŞİH  





Xəbər lenti