“Prezident mənim təklifimi razılıqla qarşıladı” - Yazıçı Anar

   “Prezident mənim təklifimi razılıqla qarşıladı” -    Yazıçı Anar
  02 Mart 2019    Oxunub:3256
Azərbaycan Dillər Universitetinin (ADU) müəllim və tələbələrinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşü keçirilib.
ADU-dan Azvision.az -a verilən məlumata görə, rektor Kamal Abdulla tədbirdə Anar haqqında düşüncələrini bölüşüb, onun uzun illərdən bəri fədakarlıqla Azərbaycan ədəbiyyatının keşiyində durduğunu deyib:

“Anarın əsərləri təkcə Azərbaycan üçün deyil, dünya üçündür, türk xalqları üçündür, bəşər övladı üçündür. Anar öz qələmi ilə olduqca mənalı və son dərəcə əhəmiyyətli bir xətti davam etdirir. Bu, bizim klassiklərimizdən gələn xətdir. Anar özü də xüsusi bir xəttə, həmin xəttin görkəmli nümayəndəsinə çevrilib. Ondan sonra gələnləri də Anar xəttinin davamçıları kimi təqdim etmək olar. Bu gün Azərbaycan ədəbiyyatının mənzərəsini gözümüz önündə canlandırsaq, Anar yaradıcılığı o ədəbiyyatın böyük bir mənəvi məkanını təşkil edər. Anar mənim gözümdə həm də buna görə Azərbaycan üçün son dərəcə əvəzsiz bir ədəbi-mədəni simadır ki, onu təkcə burada deyil, xarici ölkələrdə də çox böyük ehtiram və sevgi ilə oxuyurlar”.



Rektor bir sıra ölkələrdə oxucuların, tələbələrin Anara sevgisinin və marağının bilavasitə şahidi olduğunu deyib. O, həmçinin Anarla tanışlığının tarixçəsini xatırlayıb və tələbələrlə görüşə gəldiyi üçün Xalq yazıçısına təşəkkürünü bildirib.

Anar çıxışında Kamal Abdullanın həm yazıçı, həm də alim kimi Azərbaycan ədəbiyyatında çox önəmli yer tutan ədiblərimizdən olduğunu vurğulayıb. Xalq yazıçısı hər zaman gənclərlə görüşdən böyük məmnunluq duyduğunu ifadə edib: “Gənclərlə dialoqda olmaq hər zaman xoşdur. Əvvəllər belə görüşlər daha tez-tez keçirilərdi. İndi isə nisbətən azdır. Amma sevinirəm ki, Azərbaycan Dillər Universiteti bu tendensiyanı yenidən qaytarır. Mən də bir neçə dəfə burada görüşlərdə qonaq olmuşam”.

Azərbaycan Yazıçılar Birliyinin sədri çıxışında Prezident İlham Əliyev yaradıcı ziyalılarla görüşünü də tələbələrin diqqətinə çatdırıb: “Mən də o görüşdə iştirak edirdim və çıxışımda bir sıra təkliflər irəli sürdüm. Hər birimizi diqqətlə dinləyən Prezident təkliflərin çoxunu dərhal nəzərə aldı. O cümlədən mənim bir mühüm təklifim də qəbul olundu ki, bunu sizinlə paylaşmaq istəyirəm. Mən orada ustad Mirzə Cəlilin şəhərimizdə heykəli olmadığını dedim. Bilirsiniz ki, bu il Mirzə Cəlilin 150 illik yubileyidir. Prezident mənim bu təklifimi razılıqla qarşıladı və dedi ki, tezliklə Mirzə Cəlilə Bakıda heykəl ucaldılacaq. Bu, məni çox sevindirir. Çünki mən Mirzə Cəlili özümün böyük ustadım sayıram və düşünürəm ki, tək mənim yox, bizim nəslimizin və bizdən sonra gələnlərin də ən böyük ustadlarından biri məhz Cəlil Məmmədquluzadədir”.

Daha sonra Xalq yazıçısı Anar tələbələrin ədəbiyyat, söz, nəsr və onun əsərləri, yaradıcılığı ilə bağlı suallarını əhatəli şəkildə cavablandırıb.

Azvision.az


Teqlər:





Xəbər lenti