Bakıda mərkəzi rayonun yaradılması təklif edilir
E.Qasımzadə bildirib ki, şəhərimizin tarixi mərkəzinin sərhədləri müəyyənləşməyib: "Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir. Bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb. Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon - bu təcrübə başqa paytaxtlarda var, Moskvada da var. Bunu etsək, orada tətbiq olunan qanunlar, normalar, əlbəttə, başqa yerlərdən fərqlənəcək. Yeni Yasamalla Bakının tarixi mərkəzində tələblər eyni ola bilməz. Bu, təbiidir. Onda Sizin istədiyinizə, Bakının tarixi mərkəzinin qorunub saxlanılmasına biz mütləq nail ola bilərik.
İkinci məsələ. Burada yaradıcı ittifaqların rəhbərləri oturublar, məncə bu məsələ onlara da çox yaxındır. Bu gün yaradıcılıq ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları haqqında” Qanunu ilə tənzimlənir. Məncə bu, üzr istəyirəm, bir qədər ədalətsizdir. Çünki biz yaradıcı ittifaqlar dövlətin siyasətini dəstəkləyərək yaradıcılıqla, quruculuqla məşğuluq. Amma həmin qanun çərçivəsində bir çox təşkilatlar var ki, onlar əks fəaliyyətlə məşğuldurlar. Mən bilirəm ki, dörd il bundan öncə Milli Məclisdə “Yaradıcılıq birlikləri haqqında” Qanunun hazırlanması başlamışdı. Mən müəyyən qədər orada iştirak etmişəm, məsləhətlərimi vermişəm. Sonra o qanunun hazırlanması dayandı. Düşünürəm ki, bu gün elə bir qanunun qəbul olunması həm yaradıcılıq ittifaqlarının statusunu qaldırar, həm onlardan olan fayda başqa ictimai təşkilatlardan fərqlənər və bunu hamı görər ki, yaradıcı kimdir, dağıdıcı kimdir. Məncə bunu bərpa etmək lazımdır".
Memarlar İttifaqı İdarə Heyətinin sədri sonda dövlət başçısından xahiş edib: "Bakının müasir dövrdə, yəni, XX əsrdə memarlıq simasının formalaşmasının iki banisi olub - Sadıq Dadaşov və Mikayıl Hüseynov. Bakıda Zivər bəyin heykəli var, amma bu iki nəfərin heykəli yoxdur. İcazənizlə biz onun layihəsini hazırlayarıq. Biz Ömər müəllimlə bir yerdə bu layihə üzərində bir müddət işləmişik, onu təqdim edək. Xahiş edirəm, bu iki böyük şəxsiyyətə Bakıda mütləq abidə qoyulsun".
Azvision.az
Teqlər: Elbay-Qasımzadə