Zurabişvili Qaxda məktəb və kilsəyə baş çəkib
Bildirildi ki, respublikanın hər yerində olduğu kimi, Qaxda da milli azlıqların övladlarının hərtərəfli təhsil almaları, onların bilikli, savadlı yetişmələri üçün bütün zəruri addımlar atılır. Gürcüstan Prezidentinə məlumat verildi ki, Qax rayonunda 8 minə yaxın gürcü yaşayır. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, həmçinin Qax şəhərindəki məktəb-liseydə gürcü bölməsi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 2 mədəniyyət evi, 1 folklor klubu, 2 kitabxana filialı, 1 sahə xəstəxanası, 1 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir. Məktəblə tanış olan Gürcüstanın dövlət başçısı təhsil ocağının müəllim və şagirdlərinə uğurlar arzuladı.
Gürcüstan Prezidenti həmçinin Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib. Ali qonağa XIX əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şəraitin yaradıldığı barədə məlumat verildi. Bildirildi ki, bu kilsə 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.
Prezident Salome Zurabişvili kilsədə şam yandırdı. Burada dini ayin icra olundu. Ali qonağın diqqətinə çatdırıldı ki, Azərbaycanın digər rayonları kimi, Qaxda da milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır. Qaxda yaşayan bütün milli azlıqlara dövlət tərəfindən daim xüsusi qayğı göstərilir. Bu fakt bir daha ölkəmizin hər yerində dini tolerantlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın multikulturalizm modeli bütün dünyada öyrənilir və tətbiq edilir. Dövlətimiz tərəfindən başqa dinlərin abidələrinin qorunması, onların bərpası ölkəmizdəki multikultural siyasətin tərkib hissəsidir.
Bundan başqa Gürcüstan Prezidenti Salome Zurabişvili Qax şəhərinin qədim tarixi hissəsi – “İçəribazar” tarix-mədəniyyət kompleksi ilə tanış olub. Prezidentə tarix-mədəniyyət kompleksi barədə ətraflı məlumat verildi. Bildirildi ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və qala divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması ölkəmizdə tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin əyani sübutudur. Aparılan tikinti və yenidənqurma işlərindən sonra bu kompleks müasir və füsunkar görkəm alıb. Ərazidə əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, təbii daşlar turistlərin diqqətini daha çox çəkir. Milli memarlıq üslubunda çapma çay daşı və qırmızı kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Mərkəzin ərazisindəki açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik yay teatrı, sənətkarlıq emalatxanaları Gürcüstan Prezidentinin marağına səbəb oldu. Burada tətbiqi sənət nümunələri, xalçaçı, toxucu, ağacoyma sənətkarlıq emalatxanaları, Şərq şirniyyatı dükanı, təndirxana fəaliyyət göstərir.
Gürcüstan Prezidentinə məlumat verildi ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmmədin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib. (AzərTac)
Azvision.az