Magistr olmaq istəyənlərin sayı artıb - Statistika
Bakalavrların imtahanda göstərdikləri nəticələri müvafiq illər üzrə müqayisə etdikdə yuxarıda qeyd olunanların təsdiqini görmək olar. 2018 və 2019-cu illərdə imtahanda iştirak edən bakalavrların müvafiq olaraq, 49,73 faiz və 53,61 faizi 50 baldan yuxarı nəticə göstərib. 2014-2016-cı illərdə isə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil edib.
Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 51,36 bal olub. Bu, o deməkdir ki, imtahan iştirakçılarının (12545 nəfər) yarısı - 6273 nəfər bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb. 2018-ci ildə isə median daha aşağı – 49,91 bal olub. İmtahanda iştirak edən 12241 bakalavrdan 6121 nəfər 49,91-dən yuxarı, qalanları isə aşağı bal toplayıb.
2019-cu ildə 91 və daha yuxarı bal toplayanların sayı 23 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 336 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1369 nəfər olub. 2018-ci ildə isə müvafiq göstəricilər 11, 137 və 872 nəfərdir. Göründüyü kimi, bu il yüksək bal toplayanların sayı artıb. Bu il imtahanda iştirak edənlərin 7271 nəfəri (57,96 faiz) cari ilin, 5274 nəfəri (42,04 faiz) əvvəlki illərin məzunları olub. Ötən il bu göstəricilər müvafiq olaraq 6793 (55,49 faiz) və 5448 (44,51 faiz) olub. Bu il cari ilin məzunlarının imtahan iştirakçıları arasındakı payı ötən illə müqayisədə 2,47 faiz artıb.
Cari il məzunlarının imtahanda əldə etdikləri nəticələr əvvəlki illərin məzunlarından hər il olduğu kimi bu il də yüksək olub. Belə ki, imtahanda cari il məzunlarının 65,94 faizi ən azı 50 bal topladığı halda, belələrinin əvvəlki ilin məzunları arasındakı payı 34,06 faiz olub. Ötən il bu göstəricilər müvafiq olaraq 63,80 faiz və 36,20 faizə bərabər olub.
Bu il imtahan iştirakçılarının 5434-ü (43,32 faiz) oğlan, 7111-i (56,68 faiz) qız olub. Ötən il də təxminən eyni mənzərənin şahidi oluruq. 2018-ci ildə imtahanda iştirak edənlərin 42,79 faizini (5238 nəfər) oğlanlar, 57,21 faizini (7003 nəfər) isə qızlar təşkil edib. 2018-ci ildə olduğu kimi, bu il də qızlar oğlanlara nisbətən imtahanda daha yaxşı nəticə göstəriblər. 2018-ci və 2019-cu illərdə qızların müvafiq olaraq 55,53 faiz və 55,28 faizi, oğlanların isə müvafiq olaraq, 44,47 faizi və 44,72 faizi imtahanda ən azı 50 bal toplayıb.
Azvision.az
Teqlər: DİM