Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
  28 Fevral 2019    Oxunub:1506
Xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüş zamanı Borge Brende nazir Elmar Məmmədyarovu 2019-cu ilin 6-7 aprel tarixlərində İordaniyada keçiriləcək Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirinə dəvət etdi. B.Brende tədbir çərçivəsində Körfəz ölkələrinin xarici işlər nazirlərinin iştirak edəcəyi Avrasiya seqmentinin çox önəmli olduğunu diqqətə çatdırdı.

Öz növbəsində, nazir Elmar Məmmədyarov Cenevrəyə səfərinin məqsədləri ilə bölüşdü, eləcə də Azərbaycanın 2019-cu ilin oktyabr ayının 21-26-da Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcəyi barədə həmsöhbətini məlumatlandırdı.

Nazir Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan hazırkı danışıqlar prosesi barədə məlumat verdi. Görüş zamanı, həmçinin regional və qlobal gündəlikdə olan mövzular ətrafında fikir mübadiləsi aparıldı.

Azvision.az


Teqlər: XİN   Qarabağ  





Xəbər lenti