Zurabişvilinin şərəfinə rəsmi ziyafət verilib - FOTO (Yenilənib)

  Zurabişvilinin şərəfinə rəsmi ziyafət verilib -   FOTO (Yenilənib)
  28 Fevral 2019    Oxunub:3364
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər. Gürcüstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:

- Hörmətli xanım Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, xanım Prezident, Sizi və rəhbərlik etdiyiniz Gürcüstan nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və “Xoş gəlmisiniz!” deyirəm.

Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Müstəqillik qazandıqdan sonra ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq strateji tərəfdaşlıq xarakteri almışdır. Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr ən yüksək səviyyədədir. Gürcüstanın Prezidenti vəzifəsinə seçildikdən sonra xanım Salome Zurabişvilinin xarici ölkələrə ilk səfərləri sırasında Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev iqtisadi sahədə də yaxşı nailiyyətlərimizin olduğunu vurğulayaraq deyib:

- Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasındadır. Birgə həyata keçirdiyimiz irimiqyaslı enerji layihələri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri enerji resurslarımızın nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması baxımından çox əhəmiyyətli hadisələrdir. Bu gün icra etdiyimiz irimiqyaslı transmilli Cənub Qaz Dəhlizi layihəsi ölkələrimiz üçün böyük əhəmiyyət daşıyır. Hazırda uğurla icra edilən bu layihənin dörd elementindən üçü – “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihələri başa çatdırılmışdır. Əlbəttə ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əlaqələrimizdə də çox mühüm rol oynayır.

Mən xüsusilə nəqliyyat sahəsindəki əməkdaşlığımızı qeyd etmək istərdim. 2017-ci ildə açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir. Qitələri birləşdirən bu dəmir yolu Azərbaycanın və Gürcüstanın tranzit potensialını böyük dərəcədə genişləndirir. Bu gün artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə göndərilən yüklərin həcmində artım hiss olunmaqdadır.

Ölkələrimizin beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq etdiklərini bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini də dəstəklədiklərini vurğulayaraq bildirib:

- Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkəmizin Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonunun hərbi işğal altında saxlanması regional sülh və təhlükəsizliyə ciddi təhdiddir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, münaqişənin məhz bu prinsiplər əsasında həllinə qəti dəstək ifadə olunmuşdur. Keçən il Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı dəstəklənmişdir.

Prezident İlham Əliyev ölkələrimiz arasında sıx əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyini bildirib:

- Bu gün ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün digər sahələrdə də - turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil, mədəniyyət sahələrində də yaxşı imkanlar və perspektivlər mövcuddur.

Hörmətli xanım Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram, Sizə cansağlığı, işlərinizdə uğurlar, ölkənizə və xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.



***

Gürcüstan Prezidenti xanım Salome Zurabişvili çıxış edərək deyib:

- Cənab Prezident.

Hörmətli qonaqlar.

İcazə verin, səmimi qəbulunuz və qonaqpərvərliyiniz üçün Sizə minnətdarlığımı bildirim. Sizin bu cür qəbulunuz bizim millətlərə xas olan qonaqpərvərliyin sübutudur. Bu, Qafqaz mədəniyyətinin əlaməti və dəyişməz ənənəsidir.

Bugünkü səfər bir daha Gürcüstan ilə Azərbaycan arasında mövcud olan mehriban qonşuluq və dostluq münasibətlərini nümayiş etdirir.

Azərbaycanın böyük tarixi şəxsiyyətini – Əli bəy Hüseynzadəni xatırlamaq istərdim. O, Azərbaycanın “Türkləşmə, islamlaşma və avropalaşma” adlı dirçəliş proqramının müəllifidir.

Biz gürcülər üçün isə belə qəhrəman İlya Çavçavadzedir. O, “Vətən, dil, din” kəlamını bizim milli şüarımıza çevirərək avropalaşma ideyasını təbliğ edirdi.

Gürcülər və azərbaycanlılar azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər. Bu yol bu gün artıq bizim ümumi məqsədlərimizi müəyyən edir.

Gürcüstan Prezidenti Salome Zurabişvili hazırda müstəqil ölkələrimizin qarşıda duran vəzifələrin həlli üçün ardıcıl iş gördüklərini vurğulayıb:

- Münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən UNESCO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Bu faciələrə baxmayaraq, biz müasir dövlətlər qurmağa, iqtisadiyyatı inkişaf etdirməyə və böyük layihələri icra etməyə nail olduq.

Gürcüstan Prezidenti hazırda Azərbaycan, Gürcüstan və Türkiyənin böyük regional layihələrin uğurla reallaşdırılması üçün birgə səylərini davam etdirdiklərini bildirib:

- Bizim ölkələrimiz Asiya və Avropanı, Çini və Qərbi, Xəzər dənizini və Qara dənizi bir-birinə birləşdirən yollar üzərində yerləşirlər. Bu nəqliyyat dəhlizlərinə maraq gündən-günə artmaqdadır. Bu yolların maksimal dərəcədə yüklənməsi və lazımi dərəcədə əhəmiyyət kəsb etməsi üçün bizim regionda sabitliyin və sülhün qorunub saxlanılması olduqca vacib məsələdir. Hamımıza daha çox investisiya, tərəfdaş, turist, bazarlar lazımdır, bütün bunların hamısı isə bizim sabitliyimizdən asılıdır.

Prezident Salome Zurabişvili Azərbaycan ilə Gürcüstanın mədəniyyət sahəsində də uğurla əməkdaşlıq etdiklərini vurğuladı. Ölkələrimizin sənaye sahəsində də sıx əməkdaşlıq etdiklərini bildirən Gürcüstan Prezidenti deyib:

- Unutmayaq ki, neft sənayesinin tarixi bizim regionun əmin-amanlıq tarixidir. Onu yeni üslubda oxumaq və dünya üçün təqdim etmək millətlərimizə ancaq xeyir gətirəcək və yalnız münaqişələr prizmasında görünən regionumuz haqqında səhv təsəvvürləri dəyişəcəkdir.

Mədəniyyət və iqtisadiyyat sahələrində çoxlu layihələr mövcuddur, onlar ölkələrimizi, xalqlarımızı, gənclərimizi daha yaxın edə bilər.

Prezident Salome Zurabişvili ölkələrimizin paytaxtları arasında da fəal mübadilələr aparıldığını qeyd edərək bildirib:

- Sizin ölkənizin ənənəvi əl işləri sənətkarlarını, rəssamları, bəstəkarları, yazıçıları tanıtmaq, aktual məsələlər haqqında forumlar keçirmək lazımdır. Məsələn, ətraf mühitin qorunması. Çünki Qafqazın bioloji cəhətdən şaxələnmiş flora və faunasını qorumaq məhz bizim öhdəmizə düşür. Bunun üçün həm beynəlxalq təşkilatlarda, həm dünya konfranslarında fəal olmalıyıq. Gənclərin bu istiqamətdə məsuliyyətini artırmaq, yeni yanaşmaları tətbiq etmək çox səmərəli birləşdirici amilə çevrilə bilər.

Gürcüstan Prezidenti bildirdi ki, ölkələrimizdə yaşayan etnik gürcülər və azərbaycanlılar bizi daha da yaxın edirlər. Prezident Salome Zurabişvili ölkələrimizin bundan sonra da qarşıda duran vəzifələrin həlli üçün səylərinin birləşdirməsinin vacibliyini vurğulayıb:

- Arzu edirəm ki, birgə səylərimizlə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq. Mədəniyyətlərin və sivilizasiyaların ən maraqlı yol kəsişməsində yerləşən regionumuzda sülhün və sabitliyin möhkəmlənməsi əsas şərtidir. Dünya qarşısında onun nadirliyini qorumaq bizim borcumuzdur.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Zurabişvili   Ziyafət  





Xəbər lenti