Qarabağ İcmasının rəhbəri erməni separatçıya cavab verdi

 Qarabağ İcmasının rəhbəri erməni separatçıya cavab verdi
  28 Fevral 2019    Oxunub:2560
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev özünü Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "prezidentinin müşaviri" kimi təqdim edən Tiqran Abramyanın erməni mətbuatında səsləndirdiyi fikirlərə münasibət bildirib.
İcmadan Azvision.az a verilən məlumata görə, T.Gəncəliyev deyib ki, işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “nümayəndələri”nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirən yersiz və qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğurmur.

Onun sözlərinə görə, Tiqran Abramyanın səsləndirdiyi fikirlər bunu birmənalı şəkildə təsdiqləyir: "O, qoşunların təmas xəttində hazırkı vəziyyəti şərh edərək vəziyyətin qiymətləndirilməsi üçün çoxsaylı amillərin nəzərə alınmalı olduğunu və Azərbaycanın təmas xəttində guya qeyri-stabillik yarada biləcək fəaliyyət apardığını iddia etmişdir. Tiqran Abramyanın və qondarma rejimin diqqətinə çatdırmaq istərdim ki, münaqişənin sülh yolu ilə birdəfəlik tənzimlənməsinin yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Bunun əvəzinə qondarma rejimin “təmsilçilərinin” dili ilə qeyri-konstruktiv atmosfer yaradılması qəbuledilməz haldır".

T.Gəncəliyev Tiqran Abramyana xatırladıb ki, işğalçı Ermənistan adambaşına düşən gəlir səviyyəsi və həbi sahəyə ayırdığı xərclərə görə təkcə regionda deyil, beynəlxalq səviyyədə hərbiləşmiş ölkə kimi tanınır.

"Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda aparılan danışıqların ruhuna və formatına zidd olaraq, qondarma rejimin nümayəndələrinin danışıqlara cəlb edilməsi ilə bağlı Tiqran Abramyanın səsləndirdiyi təxribat xarakterli fikir və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının bərabərhüquqlu icmalar olduğunun qeyd edilməməsi Ermənistanın münaqişəsinin birdəfəlik sülh yolu ilə həll edilməsində maraqlı olmadığına dəlalət edir", - deyə T.Gəncəliyev vurğulayıb.

Qarabağ İcmasının rəhbəri qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə verdiyi qərar qondarma rejimin bilavasitə Ermənistanın təsiri altında və onun siyasi, maliyyə və hərbi dəstəyi sayəsində mövcud olduğunu bir daha sübut edir.

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də bu işğalçı siyasətdən əziyyət çəkirlər. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır. Hər iki icmanın xoşbəxt gələcəyi və regionun təhlükəsiz iqtisadi inkişafı işğalın nəticələrinin aradan qaldırılması ilə mümkündür".

Azvision.az


Teqlər: Qarabağ   İcma   Tural-Gəncəliyev  





Xəbər lenti