Sabiq prezident Bakıda məcburi köçkünlərlə görüşüb
Bildirilib ki, münaqişə nəticəsində 1 milyondan çox insan doğma yurd-yuvasını tərk edib, yataqxanalarda, məktəblərdə, bağçalarda və digər inzibati binalarda məskunlaşmaq məcburiyyətində qalıb. Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Ermənistan hələ də icra etmir.
Məlumat verilib ki, ağır məhrumiyyətlərlə məcburi üzləşən qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısı bu kateqoriyadan olan vətəndaşların maddi rifahının yüksəldilməsi üçün zəruri tədbirlər görür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.
Qonağın diqqətinə çatdırılıb ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusu Ermənistanın növbəti təxribatının qarşısını alaraq, əks həmlə ilə ərazilərimizin bir hissəsini işğaldan azad edib. Bu əməliyyat zamanı Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən qurulub və zərurui infrastruktur obyektləri ilə təchiz edilib. Qeyd edilib ki, Azərbaycan ordusunun əyilməzliyinin simvolu olan bu kənd həm də Azərbaycan əhalisinin öz tarixi torpaqlarına qayıdışının başlanğıcıdır.
Mərkəzçi Demokratlar İnternasionalının (MDİ) prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana Azərbaycanda məcburi köçkünlərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu kateqoriyadan olan vətəndaşlar üçün yaradılan şərait təqdirəlayiqdir. Eyni zamanda vurğulanıb ki, Kolumbiya da məcburi köçkün və qaçqın problemi yaşayan ölkələrdəndir və bu sahədə Azərbaycanın təcrübəsindən faydalana bilərlər.
Andres Pastrana Aranqo Yasamal rayonunda və Abşeron rayonunun Masazır qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə səmimi söhbət edib, onların yaşayış şəraiti ilə tanış olub.
Görüşdə Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edib.
Azvision.az
Teqlər: Komitə