“Minimum pensiyaların məbləği təqribən 40 faiz artırılıb” - Nazir

 “Minimum pensiyaların məbləği təqribən 40 faiz artırılıb” -    Nazir
  27 Fevral 2019    Oxunub:4484
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Sabirabad rayonunda Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin bu rayondakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Sonra nazir Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Vətəndaşlarla görüşündə S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlar proqramının növbəti uğurlu nəticələri kimi, əhalinin sosial müdafiəsi sahəsində ardıcıl olaraq əhəmiyyətli irəliləyişlərə əsas yaradan addımlar atıldığını vurğulayıb.

Nazir bildirib ki, nəticədə şəhid vərəsələri üçün birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesinin əhatə dairəsi genişləndirilib, şəhid ailələrinə təqaüdlərin məbləği artırılaraq 300 manata çatdırılıb. Minimum əməkhaqlarının və minimum pensiyaların məbləği təqribən 40 faiz artırılıb. 850 mindən çox vətəndaşı əhatə edən bu sosial müdafiə tədbirlərinin davamı olaraq, sosial sahədə daha bir inqilabi addım olan 25 fevral 2019-cu il tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb. Sərəncam 256 mini əlilliyi olan vətəndaşlardan ibarət 577 min şəxsə ödənilən sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasına, hətta bəzi sosial ödənişlərin 2 dəfədən çox artırılmasına, həmçinin yeni təqaüd növlərinin təsis edilməsinə imkan verib.

Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl şəkildə mühüm addımlar atıldığına, həssas əhali qruplarına dövlət qayğısı əhəmiyyətli dərəcədə artırıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə vətəndaşların sosial təminat, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, tibbi-sosial reabilitasiya, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilib.

Bir sıra müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb, nəticəsinə uyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Eləcə də ayrı-ayrı şəxslər işlə təmin edilmələri üçün göndərişlə təmin olunub, kiçik ailə təsərrüfatını yaratmaq üçün potensialı olan işsiz şəxslər cari ildə özünüməşğulluq proqramına cəlb edilmək üçün qeydiyyata alınıblar.

Nazir qeyd edib ki, özünüməşğulluq proqramına ötən il Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində 341 aztəminatlı ailə cəlb edilib. Həmçinin dövlət başçısının təşəbbüsü əsasında cari ilin əvvəlindən icra olunan “İşsizin DOSTu” proqramı çərçivəsində bu 4 rayon və şəhərdə də 1500-ə yaxın işsiz və işaxtaran şəxs əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təmin olunub. Qəbul zamanı bərpa müalicəsinə ehtiyacı olan vətəndaşların reabilitasiyaya cəlb edilməsi tapşırılıb. 2019-cu ildə nazirliyin bir sıra reabilitasiya müəssisələrində olduğu kimi, Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işlərinə başlanacağı qeyd edilib.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti