Metro ilə bağlı gələcək planlar açıqlandı
Ötən beşillik dövrün ən əhəmiyyətli yeniliyi Bakı metropoliteninin yarıməsrlik tarixində ən əlamətdar hadisə olan yeni Bənövşəyi xəttin ilk iki - "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının istismara verilməsi olub. Bu xətt müasir texnologiyaların tətbiqi baxımından ən yüksək dünya standartları səviyyəsində olacaq. Gələcəkdə bu xətt qatarların radiodalğalarla (CBTC) və bütün infrasturkturun SCADA sistemləri idarə olunması üzərində qurulacaq. Bu istiqamətdə ən əhəmiyyətli tədbirlər davamlı olaraq aparılır. Ümumilikdə, müasir tunelqazma qurğularının tətbiqindən başlamış stansiyaların yeni üsulla inşasına, istismarında isə müasir dəmir yolu infrastrukturu, havalandırma, elektrik təchizatı, liftlər və eskalatorlar, yanğın təhlükəsizliyi sistemləri və s. nəzərə alınmaqla tam fərqli bir metro sistemi qurulmasının start nöqtəsi olan bu yeniləşmənin mühüm tərkib hissəsi mövcud xətlərin də yeni idarəetmə sistemlərinə keçirilməsidir. Bu xüsusda "Nərimanov" elektrik deposunda bu il tətbiqinə başlanılacaq sistemlər yeniləşmənin başlanğıcı olacaq.
Müəssisənin əsas istehsalat sahələrindən olan dəmir-beton konstruksiyaları məmulatlarının hazırlanması ilə məşğul olan sahəsinin İSO standartlarının bütün tələblərinə tam cavab verən və müvafiq beynəlxalq lisenziyaları olan bir struktur vahidi olaraq tamamilə yenidən qurulub, dünyanın ən aparıcı texnologiyalarının qurulmasılə burada ölkədə ilk dəfə dəmir-beton blokların istehsalı prosesi işə salınıb. Bunun sayəsində ölkə kənarından gətirilən ağac şpallara xərclənən vəsait daha uzunömürlü, səmərəli, qulluğu asan və ucuz bir proseslə əvəzlənib.
Tikinti sahəsində tətbiq edilən maşın-mexanizmlər isə yeni dövrün inşaat tələbləri səviyyəsində tamamilə yenidən qurulub. Artıq bu məsələdə metropolitenin əksər inşaat tələblərini ödəyən nizamlı bir sistem qurulub. Bakı metrosu son 5 ildə stansiyalarda təmir işləri aparıb, bir neçə stansiyada istismar müddətini başa vurmuş eskalatorlar dəyişdirilib, yollar yenidən qurulub, tunellərin mühafizəsi üzrə işlərin həcmi genişləndirilib, yeni sahələrdə tikinti davam etdirilib. Bu müddətdə "Gənclik", "Nəriman Nərimanov”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “20 Yanvar” stansiyalarında keçid və vestibüllər təmir edilib. İstismar müddəti başa çatmış eskalatorlar Almaniya istehsalı olan müasir analoqları ilə əvəz edilib. “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının istifadəyə verilməsi isə dərin özüllü stansiyalar üçün ən əhəmiyyətli addımlardandır. Xüsusən də sərnişin axını gur olan bu stansiya üçün bu, mühüm əhəmiyyət kəsb edən layihə idi. Bunun ardınca stansiyanın birinci çıxışında eskalatorların yenilənməsi və vestübülün öz memarlıq orijinallığını qorumaqla əsaslı təmiri aparılıb. Memarlıq üslubunun qorunması ilə “Nizami” stansiyasının orta zalı və hər iki platforması, yol divarları təmir edilib.. Stansiyanın yararsız hala gəlmiş konstruktiv və memarlıq elementləri tam bərpa edilərək, daha etibarlı mühafizə sistemləri və inşaat materialları ilə gücləndirildi. Təmir işləri “Cəfər Cabbarlı-Xətai” mənzilinin birinci tunelində və stansiya yolunda da başa çatdırılıb. Hazırda təmir işləri bu stansiyanın ikinci yolunda aparılır.
2019-cu ildə həm də "Xətai" stansiyasının istismar müddətini başa vurmuş 3 eskalatoru öz yerini Almaniya istehsalı olan 4 yeni eskalatorla əvəzlənəcək. Stansiyanın bütün infrastrukturu tamamilə yeniləşəcək. Bu xüsusda 2018-ci ildə “Sahil” stansiyasının əsaslı təmirdən sonra yenidən daşıma prosesinə qoşulması da qeyd olunmalıdır. Burada isə artıq 3 köhnə eskalatoru 4 yenisi əvəz edib. Bütün infrastrukturu tamamilə yenidən qurulmaqla memarlıq üslübü bədii zövqlə yenidən işlənmiş stansiya sərnişinlərin istifadəsinə verilib.
Bu günlərdə “Bakmil” stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara veriləcək. Metronun açıq tipli yeganə stansiyası platforma üzərində qurulan çətirlə sərnişinləri, qurğu və avadanlıqları yağıntıların təsirindən qoruyacaq.
Səhmdar Cəmiyyət bu müddətdə sosial layihələr də həyata keçirib . "Nəriman Nərimanov" və "Gənclik" stansiyalarının yenidən qurulmuş keçidlərində Azərbaycan kinosuna, dünya və Azərbaycan rəssamlarına, Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə, talassemiyalı uşaqların problemlərinə diqqət çəkən sərgilər təşkil olunub. Əlamətdar və bayram günləri, tarixi hadisələr, ölkəmiz üçün aktual mövzulara həsr olunmuş bir-birindən fərqli sosial tədbirlər də metropoliteni tam fərqli simada təqdim edir.
Depo ərazisində istifadəsiz qalan çəpərlənmiş bağlar yeni parkla əvəz olunub, girişdə yeni tipli parkinq qurulub, ulu öndər Heydər Əliyevin büstü qoyulub, ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə həlak olmuş metropolitençi şəhidlərə abidə yenidən qurulub. Ərazidəki yeməkxana tamamilə yenidən qurulub, ən müasir iaşə standartları səviyyəsinə çatdırılıb.
QSC sədri Zaur Hüseynov bu sahədə təxirəsalınmaz dəyişikliklər edilməsi barədə qərarından sonra yeməkxana qısa müddətdə əsaslı şəkildə təmir edilib, iaşə avadanlığının ən son nümunələri ilə təchiz edilib, nağdsız və güzəştli ödəniş sistemi tətbiq edilib. Hazırda qiymətlərin ödənilməsinin 45 faizini müəssisə və Metropoliten İşçiləri Həmkarlar İttifaqı öz üzərinə götürüb. İşçi tərəfindən ödənilən məbləğ hesablanan əmək haqqından tutulur.
Bununla yanaşı, korporativ sosial məsuliyyət çərçivəsində işçilərin övladları üçün müxtəlif kurslar açılıb, yüksək balla ali təhsil ocaqlarına daxil olanların qayğaları diqqət mərkəzində saxlanılıb, ölkənin dilbər güşələrinə ailəvi istirahət turlarının təşkil edilib.
Müəssisənin Bilgəhdəki istirahət sahəsində yenidənqurma işləri aparılıb, köhnə kottec tipli evlərin yerində 2-3 mərtəbəli binalar inşa olunub, sanatoriya və profilaktoriya müayinə-müalicə imkanları yaradılıb, uşaq və böyüklər üçün əyləncə mərkəzləri, idman meydançaları, sanatoriya-profilaktoriya ən müasir tibb avadanlığı ilə təchiz olunub. Depo ərazisində istifadəyə verildiyi vaxtdan əsaslı təmir edilməyən vaqonların cari təmir sahəsi ən müasir standartlar səviyyəsində və təmirin texnoloji ardıcıllığına uyğun yenidən qurulub.
2014-cü ildən mərhələ ilə dərinləşdirilmiş və həm də modernləşdirilmə prosesi ilə zənginləşdirilmiş bu proses artıq metropolitenin özünə məxsus ən müasir tələblər səviyyəsində qurulmuş sexdə aparılır. Bu isə vaqonların ölkə xaricində təmirinə xərclənən vəsaitə qənaətlə yanaşı, yeni tipli işçi potensialı, keyfiyyət, səmərə deməkdir. Əlbəttə vaqon parkının yenilənməsi də son 5 ilin ən böyük nailiyyətlərindəndir. İlk dəfə 2015-ci ildə alınmış ən müasir tipli vaqonların sayı 25-ə çatdırılıb, bu il isə daha 30 ədəd olmaqla parkı yeniləşdirəcək. Qarşıdakı 5 il ərzində bu proses davamlı şəkildə metropolitenin lokomotiv parkını əsaslı şəkildə yeniləcəyək.
2015-ci ildə yerli şəraitdə Rusiyanın TVEMA şirkəti ilə birlikdə qurulmuş çoxfunksiyalı diaqnostika kompleksi isə dünyada öz analoqları arasında xüsusi qeyd olunur və onun təcrübəsini öyrənmək istəyənlərin sırası ildən ilə artır. Bütün bu deyilənlər bir daha təsdiq edir ki, dövlət başçısının 5 il əvvəl Bakı metropoliteninin gələcək inkişafı, şəhərin ən kütləvi ictimai nəqliyyatı kimi öz funksiyasını daha səmərəli yerinə yetirməsi üçün qəbul etdiyi qərar - Bakı metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu “Bakı Metropoliteni” QSC-nin yaradılması sözün tam mənasında özünü doğruldub.
Azvision.az
Teqlər: Metro