Azərbaycan-Ermənistan münaqişəsinin ilk düyün nöqtələrindən sayılan Sumqayıt hadisələrindən düz otuz bir il keçir. Bu müddət ərzində hadisələr xeyli araşdırılıb, haqqında yazılar yazılıb. Azvision.az yazıçı, kriminal dünyanın tədqiqatçısı Bəhram Çələbi nin Sumqayıt sakini, həmin hadisələri törətmiş erməni emissarları, qatilləri ilə eyni müəssisədə işləmiş Bikə Həsənova ilə müsahibəsini təqdim edir. Qeyd edək ki, müsahibə təxminən 10 il qabaq götürülüb.
- Bikə xanım, siz bu hadisələrin təşkilatçıları ilə eyni yerdə - Sumqayıt Boru Prokatı zavodunda çalışmısınız. Deməli, onların hadisələr ərəfəsində gördükləri işlərin də şahidisiniz. Bəs nə üçün vaxtında həyəcan təbili calaraq camaatı, milisi, partiya rəhbərliyini duyuq salmadınız?
- Nə bilim, vallah, elə bil, camaatın dili-ağzı bağlanmışdı, hamı düşünürdü ki, belə işlərlə KQB, milis idarələri, Partiya Komitəsinin əməkdaşları maraqlanmalı idilər... Adi vətəndaşlardan kimsə ağzını açmağa qorxurdu ki, hökumət işinə qarışmağa görə məsuliyyətə alına bilərdi. Mən heç evdəki doğmalarıma da bu barədə danışmırdım. Sonradan öyrəndik ki, bu hadisələrin təşviqatı, hazırlanması, planı zavodumuzda işləyən Ramzik Kasparyana məxsus mənzildə aparılırmış. Ramzik zavodumuzda mötəbər vəzifələrdə çalışmışdi və iş yoldaşları ona hörmətlə yanaşırdılar. Amma insan kimi çörəkitirən, xeyrə-şərə yaramayanın birisiydi. Arvadı, gəlini də bizim zavodda işləyirdilər. Arvadı Sosialist Əməyi Qəhrəmanı Zəminə Həsənovanın briqadasında çalışırdı. Gəlini Rita Ayropetyan isə bizim briqadada işləyirdi. Onun iki oğlu da vardı. Adları indi yadımda deyil, amma bilirəm ki, böyüyü, Rimanın əri qabaqlar bir dəfə həbsxanaya da düşmüşdü. Rima ilə mənim münasibətim çox gözəl idi. Vallah, indi erməniyə “yaxşı” deməyə adamın dili də gəlmir, ancaq onların arasında elələri vardı ki, adama ürəyini verərdi. Bax, bu Rima da belə qadın idi, bizlərə qaynaşıb-qarışmışdı.
Həmin hadisədən təxminən iki-üç ay qabaq Rimanın əhval-ruhiyyəsi göz görəsi dəyişdi. Bir də gördük ki, o, səhər-səhər işə gələndə yaman yorğun olur. O qədər yorğun olurdu ki, elə bil gecə yatmayıb. Elə həmin vaxtdan etibarən, hər gün özü ilə cürbəcür tortlar gətirirdi. Nahar vaxtı biz ümumi süfrə açardıq. O da gətirdiklərini qoyardı ortaya. Bir dəfə necə oldusa, soruşdum ki, ay Rima, yaman yorğun dəyirsən gözə, xeyir ola? Elə bil gecə yatmamısan? Yaziq qız cavab verdi ki, hər axşam çoxlu qonağımız olur. Hər gün Stepanakertdən bizə beş-on nəfərə qədər qonaq gəlir. Mən də səhərə kimi onlara çay-çörək daşıyıram. Elə bu tortları da qonaqlarımız gətirir.
O vaxtlar bizim haradan ağlımıza gələrdi ki, bu qonaqlar kimlər imiş?!
Rima hər gün işdə başını stolun üstünə qoyub, yuxlayardı. Bizim də işin xarakteri elədir ki, operatorlar pultda işləyirlər. Lap beş dəqiqəlik su içməyə belə getsən, mütləq gərək səni əvəz eləyən ola. Rima yatanda onun əvəzinə sex rəisi, usta işləyirdi. Onun xətrini istəyirdilər deyə, çalışırdılar ki kömək eləsinlər. Heç yadımdan çıxmaz, bir dəfə sex rəisimiz üzünü ona tutub dedi ki, ay balam, belə olmaz axı, cavan gəlinsən, nədir, uşaqların xəstədir bəyəm, gəlib işdə yatırsan? Onda mənə verdiyi cavabı elə sex rəisinə də dedi. Dedi ki, Stepanakertdən qonaqlarımız olur, səhərə kimi bağlı otaqda oturub söhbət eləyirlər. Mənim də onlara çay-çörək daşımaqdan qollarım qırılır...
Günlərin birində gördüm ki, Rimanın halı yaman pərişandır. Soruşdum, ay qız sənə nə olub? Dedi ki, Bikə xanım, Sumqayıtda çox dəhşətli hadisələr olacaq. Qanım ona görə qaradır. Dedim, ay Rima, Sumqayıtda nə baş verə bilər axı? Dedi vallah, bilmirəm, amma çox pis şeylər gözlənilir. Neçə vaxtdır anam Stepanakertdən zəng vurub yalvarır ki, oraya gəlim. Mən isə Sumqayıtı çox istəyirəm. Başqa yerdə yaşaya bilmərəm.
Nə isə, onda bizim ağlımıza gəlmədi ki, heç olmasa bildiklərimizi orqanlara yetirək. Bəlkə də bir köməyi olardı.
- Bikə xanım, Sumqayıt hadisələri zamanı günahsız insanları qətlə yetirənlərə başçılıq eliyən Eduard Qriqoryan da sizin zavodda işləyirdi?
- Hə. Onun iş yeri bizimkindən təxminən otuz metr aralı idi. O, 140-cı qurğuda çilingər kimi çalışırdı. Biz hər dəfə növbədən çıxıb evə gələndə Qriqoryan da həmin avtobusa minirdi. Köhnə avtovoğzalın yanında özü düşür, amma bizim üçün mütləq bilet alırdı. Mən onun erməni olduğunu bilmirdim. Bir dəfə Rimadan soruşdum ki, ay qız, bu ləzgini hardan tanıyırsan? Dedi ki, ləzgi deyil, ermənidir. Təəccüb elədim, ay bala, bu rəngi-rufda da erməni olar? Edik Qriqoryan sarışın oğlan idi. Azərbaycan dilində də çox səlist danışırdı. Rima onu da dedi ki, qayınatası Qriqoryanla ailəvi dostluq edir, bir-birlərinin evlərinə gedib-gəlirlər. Çox sonralar, yəni, Qriqoryanı televizorda göstərəndə ağlma gəldi ki, bu hadisələrə başçılıq etmək Ramzik Kasparyana tapşırılmışdısa, əsas icraçı da Edik Qriqoryan olmalı imiş.
Həmin hadisələr ərəfəsində son bir həftəni yazıq Rimanın gözünün yaşı qurumurdu. Elə işdə də görürdüm ki, xəlvətə çəkilib ağlayır. Nə qədər çalışırdıqsa da, onu ovundura bilmirdik. Bədbəxt qızı ağlamağının səbəbini də demirdi. Yalnız onu təkrarlayırdı ki, dəhşətli hadisələr baş verəcək, hamımız pis günlərə qalacağıq. Fevral ayının 25-də Rima işə çıxmadı, dedilər ki, əlini balon şüşəsi kəsib, xəstəxanaya aparıblar. Çox mehriban kollektivimiz vardı və qızlar yığışaraq onu görməyə getdilər. Mən həmin günlər məzunuyyətdə olduğumdan, onlara yoldaşlıq edə bilmədim. Qızlar danışırdılar ki, Rima elə xəstəxanada da ara vermədən ağlayırdı və qolundakı yara heç şüşə yarasına oxşamırdı, sanki qızın venasının damarlarını bıçaqla, yaxud ülgüclə bir neçə yerdən doğramışdılar.
Hadisə isə belə olmuşdu... Bir həftə əvvəl hər şeydən xəbər tutan Rima qaynatasının qarşısını kəsərək, ərinin bu işlərə qoşulmamasını tələb etmişdi:
- O, bir dəfə türmədə oturub, indi də tutulsa uşaqlarım başsız qalacaq. Ərimi özünüzlə aparsanız, özümü öldürəcəyəm! – deyibmiş.
Ərini bu yoldan daşındırmq üçün damarlarını özü doğramışdı.
Yaman ağır günlər idi. Sumqayıtda elə bil hökumətdən, polisdən əsər-əlamət yox idi, şəhər özbaşına qalmışdı. Onu da deyim ki, Allah mənim üzümə baxmışdı, məzuniyyətdə idim. Yoxsa, məni də erməni qadını kimi öldürəcəkdilər. Neçə dəfə qaçqınlar dəstə düzəldib, bizim qurğuya hücum çəkmişdilər ki, bu erməni arvadı niyə işdə saxlamısınız? Bizimkilər nə illah eləyiblər ki, bu qadın erməni deyil, ləzgidir, özü də otuz ildən çoxdur bu zavodda işləyir, inanmırdılar. Deyirdilər ki, ara qarışan kimi onun başını əkəcəyik.
- Hadisələr haradan başladı?
- Hadisələr köhnə avtovağzalın civarında, “Drujba” küçəsində baş qaldırdı. Qriqoryan da, Kasparyan da həmin küçədə yaşayırdılar. Qırğını öz binalarında deyil, oradan bir dayanacaq o tərəfdə törətdilər.
- Bikə xanım, əvvəl təsvir etdiyiniz hadisələrlə həmin qırğın arasında nə qədər vaxt keçdi?
- Təxminən iki ay... Deməli, Stepanakertdən gələn başkəsənlər hər axşam Kasparyanın mənzilində yığıncaq keçirir, qırğının planını cızır, tədbirlərini tökür, hansı erməniləri öldürəcəklərini konkret olaraq müəyyənləşdirirdilər. Və bu işə məhbəs həyatı yaşamış azərbaycanlı əyyaşları, narkomanları cəlb edirdilər. Hadisə baş verən günün axşamı Qriqoryan tutuldu, Kasparyan isə daha işə çıxmadı. Eşitdiyimə görə, Kasparyan sağ-salamat Sumqayıtdan getdi. Amma orada ölən ermənilər azərbaycanlılarla qohumluq əlaqəsi, yaxşı münasibətləri olan insanlar idilər. Məsələn, Aramyan soyadlı bir nəfəri oğlu ilə bərabər qətlə yetirdilər. Aramyan ikinci mikrorayonda yaşayır, bizim zavodda işləyirdi. Ünsiyyətcil, xoşrəftar insan idi. Özü də yalnız müsəlmanlarla dostluq, yoldaşlıq edirdi. 43-45 yaşları ancaq olardı. Onun qətlə yetirildiyini eşidəndə bütün kollektivimiz çox pərişan oldu. Arvadı və bir oğlu qaçıb aradan çıxa bilmişdi. Aramyan eviə soxulan cəlladlarla son nəfəsinədək mübarizə aparmış, iki ermənini balta ilə yaralamışdı. Amma çifayda... Yəni demək istəyirəm ki, müsəlmanlarla qaynayıb-qarışan erməniləri də həmin hadisələrdə qətlə yetirmişdilər.
-Yalnız müsəlmanlarla ünsiyyət quran ermənilərimi öldürürdülər?
- Xeyr... O ermənilər ki, “Krunk” təşkilatına pul vermirdilər, onları qətlə yetirirdilər. Çox qəliz ermənilər idilər “Krunk”un üzvləri. Mənim yanımda biri işləyirdi. Tez-tez Stepanakertə gedir, qayıdanda haramzada lap qudurğan itə dönür, hamımıza qanlı-qanlı baxırdı. Bizlər isə heç nə başa düşmürdük, elə bil, gözümüz bağlanmışdı. Əclaf lap iş yerində də azərbaycanlıların əleyhinə təbliğat aparırdı. İstər zavod rəhbərliyi, istər partkom, istərsə də adi vətəndaşlar ona “gözün üstə qaşın var” deməyə cürət etmirdilər. Bir dəfə səbrim tükəndi, ona dedim ki, bu yazıq müsəlmanlar sizə nə pislik ediblər? Özümüz zirzəmilərdə yaşayırıq, sizə isə binaların ən yaxşı mərtəbələrini verirlər, ən təmiz, gəlirli vəzifələrdə, işlərdə çalışırsınız, daha nə istəyirsiniz? Cavab verdi ki, azərilər türkdürlər, biz isə türklərlə düşmənik. Sonradan öyrəndim ki, o da “Krunk”un üzvü imiş.
Azərbaycan xalqının təmiz ürəyini mən hadisələr zamanı və olaylardan sonra gördüm. Kimin kollektivində eməni vardısa, çalışırdılar ki, onu göz bəbəyi kimi qorusunlar. Mənimlə Lena adında bir erməni qız işləyirdi, sex rəisimiz tapşırmışdı ki, onu hər gün evlərinədək ötürüm. Mən də ötürürdüm.
Nə isə... Çox ağrılı, acılı günlər idi. Yaxşı, tutaq ki, biz siyasətdən uzaq, avam adamlar idik, bəs bu KQB, güc orqanları nə işlə məşğul idilər? Mənə elə gəlir ki, hadisələr keçmiş DTK-nın quraşdırdığı dramatik səhnələr idi. Hadisələrin bir ucu da Qorbaçovun kabinetinə gedib çıxırdı. Həmin dövrdə Qorbaç üzdənirq erməni lobbisi, alimləri, siyasətçiləri ilə yaman ünsiyyətcil olmuşdu. Vaxtıda həmin o Qriqoryan, Kasparyan kimilərini yığışdırıb qoduqluğa bassaydılar, Sumqayıt hadisələri baş verməzdi...
Bəhram Çələbi
Azvision.az üçün
"Sumqayıt hadisələrinin bir ucu Qorbaçovun kabinetinə gedirdi" - MÜSAHİBƏ
Teqlər: Sumqayıt-Hadisələri