İtaliya parlamentində Xocalı ilə bağlı tədbir - FOTOLAR

İtaliya parlamentində Xocalı ilə bağlı tədbir -    FOTOLAR
  27 Fevral 2019    Oxunub:3907
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar İtaliya parlamentinin deputatlar palatasının “Lupa” zalında italyan jurnalist Barbara Kassaninin müəllifi olduğu və “Aracne” nəşriyyat evi tərəfindən nəşr edilmiş “Bakıda bir taksi sürücüsü: Kəmalənin hekayələri” adlı romanın təqdimatı keçirilib.
Azərbaycanın İtaliyadakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən məcburi köçkün düşmüş bir ailənin Bakı və Roma şəhərləri arasında cərəyan edən hekayəsindən bəhs edən romanın ideyası müəllifin bir neçə il əvvəl Azərbaycana səfəri zamanı məcburi köçkün düşmüş taksi sürücüsünün ona bəhs etdiyi təsirli həyat hekayəsindən qaynaqlanır.



Romanın süjet xətti və qəhrəmanları müəllifin təxəyyülünün nəticəsi olsa da, “Kəmalənin hekayələri” adlı əlavədə təqdim olunan real hekayələr kitabın müəllifinin münaqişənin həqiqi qurbanları olmuş, Ermənistandan, habelə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və digər ətraf rayonlardan qaçqın və məcburi köçkün düşmüş, yurd-yuvalarına qayıtmaq ümidi ilə yaşayan yeddi azərbaycanlı qadınla müsahibələri əsasında hazırlanıb.



Kitabda, eləcə də ailə hekayəsi fonunda Azərbaycanın tarixi, mədəniyyəti, memarlığı, xalqımızın ənənələri, gündəlik həyat tərzi, ölkəmizdə mövcud multikultural mühit barədə də məlumat verilir. Azərbaycanın İtaliyadakı səfirliyi, İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyası və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə İtaliya parlamentinin deputat və senatorları, dövlət qurumlarının, Romada akkreditə olunmuş diplomatik korpusun, elmi-akademik, intellektual, mədəniyyət dairələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.



İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, hakim 5 Ulduz Hərəkatı partiyasının üzvü, deputat Covanni Russonun moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.



Sonra İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, hakim Liqa partiyasının üzvü, deputat Rosanna Boldi, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, kitabın müəllifi Barbara Kassani, “Aracne” nəşriyyat evinin rəhbəri Giacchino Onorati, Xocalı soyqırımının canlı şahidi və romanın “Kəmalənin hekayələri” adlı əlavəsinin qəhrəmanlarından biri Dürdanə Ağayeva, Roma Sapienza Universitetinin dosenti Daniel Pommier çıxış ediblər. Natiqlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Xocalı soyqırımının acı nəticələrinin, Azərbaycanın müstəqilliyin bərpasından sonra keçdiyi yol və ölkəmizin həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması üçün romanın dəyərli mənbə olduğunu bildiriblər.



Bu kimi tədbirlərin Azərbaycan və İtaliya xalqlarının bir-birinə daha da yaxınlaşması, bir-biri haqda məlumatlılıq səviyyəsinin artırılması, eyni zamanda, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlərin bir daha təkrarlanmaması üçün dünya ictimaiyyətinin məlumatlandırılmasındakı əhəmiyyətini vurğulayıblar. Xocalı soyqırımının canlı şahidi olmuş Dürdanə Ağayevanın Xocalıda baş verənlər və erməni əsirliyində yaşadıqlarına dair çıxışı iştirakçıları xüsusi təsirləndirib.



Tədbir çərçivəsində italyan aktyor Roberto Turketta kitabdan parçalar səsləndirib, eləcə də Xocalı faciəsinə dair videoçarxlar nümayiş olunub. Qeyd edək ki, “Bakıda bir taksi sürücüsü: Kəmalənin hekayələri” romanının artıq İtaliyanın bir sıra kitab sərgilərində, kitabxanalarında və kitab mağazalarında təqdimatları keçirilib, habelə romanla bağlı İtaliya kütləvi informasiya vasitələrində çoxsaylı məqalələr və müsbət rəylər dərc edilib.



Azvision.az


Teqlər: İtaliya   Xocalı  





Xəbər lenti