Ombudsmanın TV-lərlə bağlı müraciətinə MTRŞ-dan cavab

  Ombudsmanın TV-lərlə bağlı müraciətinə MTRŞ-dan cavab
  27 Fevral 2019    Oxunub:2295
Ombudsman Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsində televiziyada uşaqların psixikasına zərər gətirə biləcək məlumatların qanunla müəyyən olunan vaxtlarda verilməsi və ya xüsusi qeydlərlə göstərilməsi ilə bağlı müvafiq qurumlara müraciət edildiyi qeyd edilib.
Bununla bağlı Azvision.az -a açıqlama verən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, bu gün uşaqların psixikasına zərər verə biləcək məlumatların qanunla müəyyən olunan vaxtlarda verilməməsi və ya xüsusi qeydlərlə göstərilməməsi hallarına demək olar ki, rast gəlinmir.

Onun sözlərinə görə, MTRŞ tərəfindən "Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" qəbul edilib və bu qaydalara kanallar tərəfindən riayət edilməsi məcburidir.

“Şurada aparılan monitorinqlər zamanı yayımçılar tərəfindən bu qaydalara riayət edilməsi mütəmadi olaraq yoxlanılır. Qeyd edim ki, bir neçə il öncəyədək bu qaydalarda nəzərdə tutulan tələblərlə bağlı ciddi pozuntu halları müşahidə edilirdi. Lakin hazırda yayımçılarla aparılmış iş nəticəsində vəziyyət xeyli dərəcədə müsbətə doğru dəyişib”.

T.Dadaşov vurğulayıb ki, hazırda mövcud nöqsanların aradan qaldırılması istiqamətində yayımçılarla iş aparılır: “Bu istiqamətdə mövcud nöqsanlar şuranın hesabatlarında açıqlanır. Ciddi hallarla bağlı yayımçılara müxtəlif formada xəbərdarlıqlar bildirilir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: MTRŞ  





Xəbər lenti