Kanadada “İlin ən yaxşı müəllimi” seçilən azərbaycanlı - FOTOLAR

  Kanadada “İlin ən yaxşı müəllimi” seçilən azərbaycanlı -    FOTOLAR
  27 Fevral 2019    Oxunub:36557
Ontario vilayətinin Toronto şəhəri Kanadanın ən məşhur şəhərlərindən biridir. Burada on minə yaxın soydaşımız yaşayır. Onların arasında müxtəlif sahələrdə uğurlara imza atan azərbaycanlılar da az deyil. Bu gün sizə onlardan biri - Yeganə xanım Cəfərovadan söhbət açmaq istəyirəm.
O, İmişli rayonunun Cəfərli kəndində dünyaya gəlib. 1983-cü ildə orta təhsilini başa vuraraq, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 1988-ci ildə həmin universiteti riyaziyyat-informatika müəllimi ixtisası ilə bitirib. 1990-2000-ci illərdə uşaq bağçasında tərbiyyəçi, sonra üç il Beynəlxalq İxtira və Biznes İnstitutunda psixoloq kimi çalışıb.

2003-cü ildən Torontoda yaşayır. 2004-2005-ci illərdə bu şəhərin uşaq bağçalarının birində müəllim köməkçisi olub. İşi bəyənildiyindən ona evində fərdi uşaq bağçası açmağa icazə verilib. 2005-2017-ci illərdə yaratdığı məktəbə qədər tədris müəssisəsinə rəhbərlik edib. Eyni zamanda, 2007-ci ildən indiyədək Toronto təhsil şöbəsinin xarici dillər departamentinin yaratdığı məktəbdə çalışır. Bu tədris ocağında 57-yə yaxın xalqın dili tədris olunur ki, onların sırasında azərbaycan dili də var. Yeganə xanım həftədə bir dəfə, iki saat yarım azərbaycanlı şagirdlərə ana dilimizin sirlərini öyrədir.



Deyir ki, - "Baxmayaraq bu dərslər ödənişsizdir, amma çox az soydaşımız uşaqlarını bu məktəbə gətirir. Təsəvvür edin, dərslikləri də öz vəsaitimlə alıb verirəm, yenə də şagirdlərin sayı az olur".

2009-cu ildə "Məktəbə qədər Tədris İşçilərinin Asossasiyası"nda tələb olunan imtahanları verərək, uşaq bağçalarında işləmək hüququ qazanıb. Sonra da bir il Corc Braun kollecində xüsusi kurslarda təhsilini davam etdirib.

O, həm də müəllimdir. 2014-cü ildən Kanadanın "Pharma-Medikal Science", 2018-ci ildən isə "Canadore" kolleclərində məktəbə qədər təhsil işçilərinə ümumfənlər üzrə tədrisin metodikasından mühazirələr oxuyur.



Ömür-gün yoldaşı Valeh Cəfərov tibb sahəsində çalışır. Oğlu Amin bəyin 22 yaşı var. York Universitetinin astrofizika fakultəsinin 3-cü kursunda təhsil alır. Ailənin son beşiyi Zemfira xanım Toronto Universitetinin tibb fakultəsinin 2-ci kurs tələbəsidir.

Zarafat deyil, Yeganə xanım 2017-ci ildə 500-ə yaxın kolleci özündə birləşdirən "Ontario Kolleclər Asossasiyası"nın və eləcə də 2018-ci ildə "Pharma-Medikal Science" kollecinin "İlin ən Yaxşı Müəllimi" seçilib.

"Baxmayaraq, Torontoda ermənilər azərbaycanlılardan azdır, 15-ə yaxın məktəbləri var. Bu tədris ocaqlarını öz vəsaitləri hesabına yaradıblar. Arzum budur ki, bizim də məktəbimiz olsun və hər bir azərbaycanlı övladının bu məktəbin dərslərində iştirak etməsini özünə borc bilsin", - deyə o, bildirib.



Torontoda azərbaycanlıların fəaliyyətdə olan 7-yə yaxın cəmiyyəti var. Fərq qoymadan hər birinin tədbirlərində iştirak edir.

Əsl müəllim kimi ana dilimizin təəssübünü çəkən, bu fədakar, təmkinli, qayğıkeş xanımı dinlədikcə, bir tərəfdən sevinirdim ki, uzaq Kanadada Azərbaycan dilini yaşadan var. Digər tərəfdən də bir məsələ məni düşündürürdü, axı nə üçün dünyanın dörd bir tərəfinə səpələnən soydaşlarımızın bəziləri milli kimliyimizə, doğma dilimizə bu qədər biganə ola bilirlər?

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: Kanada   Toronto  





Xəbər lenti