Leyla Əliyeva “Ağrı gecəsi” adlı tədbirdə - FOTOLAR

   Leyla Əliyeva “Ağrı gecəsi” adlı tədbirdə -    FOTOLAR
  27 Fevral 2019    Oxunub:2618
Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində “Ağrı gecəsi” adlı tədbir keçirilib.
Azvision.az xəbər verir ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə, həmçinin Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, deputatlar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Əvvəl faciə qurbanlarının xatirəsi yad olunub.



Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tədbirdə çıxış edərək bildirib ki, xalqımız son iki əsrdə erməni millətçiləri tərəfindən dəfələrlə soyqırımına məruz qalıb. Sonuncu dəhşətli faciə Xocalıda törədilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşər tarixində misli görünməmiş soyqırımı həyata keçiriblər. Həmin gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinə dörd tərəfdən hücum ediblər. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı nəticəsində bir gecədə 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.



Xüsusi vurğulanıb ki, təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı törədilmiş Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası soyqırımının tanınmasında mühüm rol oynayıb. Bu istiqamətdə iş ardıcıl davam etdirilir və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin miqyası ildən-ilə daha da genişlənir.



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Xocalı faciəsinin tariximizin silinməz qanlı yaddaşı olduğunu diqqətə çatdırıb. O bildirib ki, 27 il əvvəl Xocalıda dinc soydaşlarımıza qarşı misli görünməmiş qanlı qırğın törədilib. Yüzlərlə soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilib. Bu qətliam barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində sistemli işin uğurla nəticələndiyini deyən Fuad Hüseynov bu yöndə səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.

Xocalı faciəsinin canlı şahidləri Əsəd Fərəcov və Valeh Hüseynov soyqırımının dəhşətləri barədə tədbir iştirakçılarına məlumat veriblər.



Tədbirdə beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı olub.

Romanın həmmüəllifi Arye Qut əsərin yazılması səbəbləri haqqında danışaraq, əsas məqsədin Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı və ötən əsrin ən dəhşətli etnik təmizləmələrindən biri olan Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinə geniş məlumat vermək olduğunu bildirib. O, əsərin real hadisələrə, Xocalı qətliamını yaşamış şahidlərin söylədikləri faktlara əsaslandığını bildirərək, kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı qırğın, vəhşiliklər və digər cinayətlərin üzə çıxarılması və günahkarların cəzalandırılması üçün çağırış edildiyini diqqətə çatdırıb.



Qeyd edək ki, “Ağrı” romanında XX əsrin faciəsi - Xocalı soyqırımı ətraflı təsvir olunub. Müəlliflər canlı şahidlərin - Xocalıda kütləvi qırğından sağ çıxa bilmiş sakinlərin ifadələri əsasında “əzabkeş” erməni xalqının iç üzünü açıb, Azərbaycan xalqının kədərini və faciəsini ürəkağrısı ilə təsvir ediblər. Əsərdə müxtəlif dinlərə və millətlərə mənsub olan, fərqli mühitlərdə böyümüş, taleyin qisməti ilə gözəl Bakı şəhərində rastlaşan iki gəncin - Polad və Röyanın sevgi tarixçəsi təsvir olunur. Bildirilir ki, Röya hələ uşaq ikən erməni cəlladlarının Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri amansız qırğının şahidi olub. O, xalqının zorla cəlb edildiyi müharibənin bütün itki və dəhşətlərini yaşayıb. Röya böyüdükdən sonra soyqırımı zamanı sağ qalmış həmyerlilərinə itkin düşmüş doğmalarını və yaxınlarını tapmaq üçün kömək etmək qərarına gəlir. O, var qüvvəsi ilə Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışır.

Sonda “Xocalı” faciəsi ilə bağlı film nümayiş etdirilib. Bakı Konqres Mərkəzinin foyesində soyqırımı ilə bağlı rəsm sərgisi də təşkil olunub.

Azvision.az



Teqlər: Leyla-Əliyeva  





Xəbər lenti