ABŞ-da həkim işləyən azərbaycanlı gənc

   ABŞ-da həkim işləyən azərbaycanlı gənc
  27 Fevral 2019    Oxunub:8733
Çalışqan, əzmkar, iradəli xanımdır. Zarafat deyil, qısa müddətdə bir sıra uğurlara imza da atıb. Arzusu, seçdiyi ixtisası mükəmməl öyrənib, bu sahədə müvəfəqiyyət qazanmaqdır.
Haqqında söhbət açdığım Azadə İbrahimaova Bakıda dünyaya gəlib. 6-cı sinifədək 20 nömrəli orta məktəbdə oxuyub, sonra təhsilini "Qafqaz özəl türk gimnaziyası"nda davam etdirərək, 2007-ci ildə tam orta təhsilini başa vurub. 2007-2013-cü illərdə Türkiyənin İzmir şəhərindəki Ege Universitetində həkim ixtisasına yiyələnib…

2014-cü ildən ABŞ-da yaşayır. Əvvəlcə Pittsburq şəhərinin uşaq xəstəxanasında elmi işlə məşğul olub. 2015-ci ildə Filadelfiyanın Albert Enşteyn adına Tibb Mərkəzinə gəlib. 2018-ci ilədək orada pediatriya şöbəsində rezidentura keçib və "Amerika Pediatrlar Cəmiyyəti"nin imtahanlarını verərək, pediatr həkim işləmək izni alıb. Hazırda həmin mərkəzdə baş rezident kimi həm həkimlik edir və həm də inzibati vəzifə daşıyır.

Bu günlərdə daha bir uğura imza atıb. Tələb olunan imtahanları verərək, dünyada məşhur Sinsinati (Cincinnati) Uşaq Xəstəxanasının Pediatrik Hematologiya, Onkologiya və İlik Transplantasiyası şöbəsində təhsil almaq, eləcə də işləmək hüququ qazanıb. Bu ilin iyul ayından orada üç il həm həkim kimi çalışacaq və həm də uşaq leykemiyasi üzrə elmi işlə məşğul olaca…

Atası Fəyyaz İbrahimov əslən Füzuli rayonundandır, bizneslə məşğul olur. Anası Xavər xanım İbrahimova isə rus dili müəllimidir, əslən Kəlbəcərdəndir. Ailədə dörd uşaq böyüyüb - iki qız, iki oğlan. Azadə yaşca evin böyük övladıdır...

İctimai işlərlə məşğul olmağı xoşlayır. Amerikada yaşasa da, Azərbaycanda fəaliyyət göstərən "Leykemiya ilə mubarizə" ictimai biriyinin həyata keçirdiyi layihələrdə fəal könüllü kimi yaxından iştirak edir. Özünün və eləcə də ABŞ-da yaşayan xeyirxah insanların ianələrini mütamadi olaraq həmin təşkilata göndərir. Uşaq qan xərçəngindən əziyyət çəkən fidan balaları sevindirir.

Azərbaycan üçün həmişə darıxır. Azərbaycanlı olduğundan özünü xoşbəxt hesab edir. Sevinir ki, indiyə kimi haqq etdiyi təhsilə yiyələnə bilib…

Deyir ki, - "Amerika elə bir yerdir ki, zəhmətinin bəhrəsini gec-tez görürsən"…

Bütün gənclər kimi o da iddialıdır. Məşhur Stiv Cobsdan- "Dünyanı dəyişdirənlər, dünyanı dəyişdirə biləcəyini düşünəcək qədər dəli ruhlu insanlardır"- nümunəsini dilə gətirərək, nə vaxtsa Azərbaycanda və qonşu ölkələrdə uşaq onkologiyasına qarşı mübarizənin dünya standartlarına uyğun inkişafına nail olacağına inanır.

İnsanları, xüsusən də uşaqları və təbiəti çox sevir. Gitarada, pianoda ifa etməyi xoşlayır. Ata-anasını, bacı-qardaşlarını dünyada ən böyük sərvəti hesab edir...

Doğrusu bu gənc xanımın savadına, əzminə, uğurlarına çox sevindim. Xalqımızın belə bacarıqlı gənclərinə baxıb sevinməmək, fəxr etməmək olarmı?

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Həkim  





Xəbər lenti