"Azərbaycan dünyada ən çox məcburi köçkünlərin olduğu ölkədir"
Nazir bildirib ki, insan hüquqları ilə bağlı çağırışların, ələlxüsus milyonlarla insanın zorla didərgin salınması, irqi və ayrı-seçkiliyin digər formalarının qlobal səviyyədə artdığı bir zamanda bütün insan hüquqlarının təşviqi və qorunması üçün əsas məsuliyyət daşıyan İnsan hüquqları üzrə ali komissarın Ofisinin rolu daha da önəmli olub:
"Biz üzv dövlətlərin müraciəti əsasında onlara texniki yardımın göstərilməsinin və qabiliyyətin artırılmasının genişləndirilməsində Ofisin başlıca rolunu qiymətləndiririk. Bunu rəhbər tutaraq, Azərbaycan Ofisin məşvərətçi xidmətlərinin dəstəklənməsinə könüllü ianələr etməyi davam etdirəcəkdir.
Azərbaycan, Şurada müşahidəçi olaraq onun işinə fəal şəkildə töhfə verir. Şuranın 37-ci sessiyasında Azərbaycan Gürcüstan, Keniya, Tailand və Türkiyə ilə birlikdə Şura tərəfindən yekdilliklə qəbul edilmiş şəffaf, hesabatlı və səmərəli ictimai xidmətlərin təqdim edilməsi yolu ilə dayanıqlı inkişaf məqsədlərinin və insan hüquqlarının təşviqi ilə bağlı 92 dövlətin həm-müəllif olduğu qətnamə layihəsini irəli sürdü. Bu il İnsan hüquqları üzrə ali komissarın Ofisi ilə birlikdə Azərbaycan, yuxarıda qeyd olunan qətnamədə təşviq edilən ictimai xidmətlərin səmərəli modellərinə malik ölkələrin digər üzv dövlətlərlə ən yaxşı təcrübələrini bölüşə biləcəyi növbəti beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Azərbaycan 2018-ci ilin mart ayında qəbul edilmiş insan hüquqlarının qorunması və təşviqi və dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrası ilə bağlı İnsan Hüquqları Şurasının 37/24 saylı qətnaməsinin özək qrupu arasında olub. Şuranın 38-ci sessiyası zamanı insan hüquqları üzrə ali komissarın rolunun artırılması ilə bağlı ölkəm tərəfindən irəli sürülmüş birgə bəyanat 125 üzv dövlətin dəstəyini qazanmışdır".
E.Məmmədyarovun sözlərinə görə, hökumətim bütün insan hüquqlarından və fundamental azadlıqlardan vətəndaşlarımızın tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramların həyata keçirilməsini davam etdirir:
"Bu xüsusda, ədliyyə sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün əlavə qanunverici və struktur tədbirlərinə hədəfləmiş 2019-2023-cü illərdə ədliyyənin inkişafı ilə bağlı Dövlət Proqramının bu yaxınlarda qəbul edilməsini vurğulamaq istərdim.
Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan iqtisadi, mülki, mədəni, siyasi, sosial hüquqlar və inkişaf hüququ da daxil olmaqla bütün insan hüquqlarını əhatə edən dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiqdir. Azərbaycan bu ilin sonunda dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatını təqdim edəcəkdir. Ölkəm sosial təhlükəsizlik sistemini daha da inkişaf etdirdiyindən, bu hesabat fiziki qabiliyyəti məhdud olan insanlar da daxil olmaqla bütün həssas qrupların hüquqlarına xüsusi əhəmiyyəti əks etdirəcəkdir. Bu kontekstdə, biz BMT Baş katibinin BMT-nin işinin bütün istiqamətlərinə Əlilliyin Daxil edilməsi üzrə Sistem boyu Fəaliyyət Planının təşviq edilməsi qərarını alqışlayırıq.
Həmçinin, bu yüksək kürsüdən məmnuniyyətlə bildirmək istərdim ki, bu ilin oktyabr ayında Azərbaycan sədrliyini öz üzərinə götürəcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcəkdir. İnanırıq ki, Azərbaycanın sədrliyi 2020-ci ildə 65-ci ildönümü İnsan Hüquqları Şurası da daxil olmaqla bir çox BMT platformaları boyunca qeyd olunacaq Hərəkatın təməl prinsiplərinin irəli aparılmasına təkan verəcəkdir.
Fürsətdən istifadə edərək, ölkəmin Qoşulmama Hərəkatının səylərinə sadiqliyini bir daha təsdiq edirəm".
Nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə, insan hüquqlarına və inkişafa hələ də əsas təhdid olaraq qalmaqdadır:
"Bugün Azərbaycan bu münaqişənin qəddar səhifələrindən birinin – 106-sı qadın, 63-çü uşaq və 70-i yaşlılar olmaqla Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin kiçik şəhərinin 613 sakininin 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən qətlə yetirildiyi, Ermənistan tərəfindən törədilən Xocalı soyqırımının 27-ci ildönümünü qeyd edir.
Qonşu Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi 1992-ci ildən bəri işğal altındadır. Etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından zorla didərgin salınaraq məcburi köçkün vəziyyətində qalmaqdadırlar və bu, 10 milyon əhalisi olan bir ölkədə adambaşı hesablamalara görə dünyada ən çox məcburi köçkün və qaçqınların olduğu bir ölkədir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını qəti şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və bir çox digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayaraq Azərbaycan ərazilərinin işğalını davam etdirir.
Məhz bu kontekstdə mən BMT İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin insan hüquqları üzrə ali komissarını 20 ildən çoxdur ki hüquqları pozulan azərbaycanlı məcburi köçkün və qaçqınların insan hüquqlarının bərpası və ədalətin aliliyinin təmin edilməsi üçün səmərəli tədbirlər və prinsipial mövqe nümayiş etdirməyə çağırıram".
Azvision.az
Teqlər: